"Premyer Liqa iddialarını biz də eşidirik, ancaq hələ rəsmi bir şey yoxdu" - MÜSAHİBƏ

16:13 - 11 Aprel 2022

"Kəpəz"in təcrübəli futbolçusu Tural Rzayev Sportal.az saytına müsahibə verib.

- "Kəpəz" son iki oyundur uduzur. Səncə, nəyə görə komanda uğursuzluq yaşayır?
- Heç kim məğlub olmaq istəməz. Həçm də heç kim belə uğursuzluq olacağını gözləmirdi. Səbəb haqda isə uzun danışmaq istəmirəm. Aşağı səviyyədə çıxış etdik və istədiklərimizi edə bilmədik. Çalışırıq ki, səhvlərimizi aradan qaldırıb, növbəti oyunlarda qələbə qazanaq.

- Azarkeşlər də komandadan, futbolçulardan narazılıq edir. Hətta son oyunda "formanı, çıxarın gedin" kimi şüarlar da səsləndirdilər. Sən də komandanın aparıcı və yerli futbolçularındansan. Azarkeşlər bu barədə səninlə nəsə danışıb?
- Bildiyiniz kimi azarkeşlər bizim üçün çox vacib və önəmlidi. Hər zaman bizə öz dəstəklərini göstərirlər. Son oyunda təkcə azarkeşlər deyil, özümüz də oyunumuzdan narazıyıq. Futbolçular olaraq da son matçda yaxşı oynamadığımızı bilirik. Belə olan halda azarkeşlərin narazılığı normaldı. Son oyunda final fitindən sonra komanda olaraq azarkeşlərlə danışmışıq.

- Hazırda komanda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb və ilk pillədəki rəqibdən 16 xal geri qalıb. Ümumiyyətlə, mövsümü necə xilas edə bilərsiz və mövsümü hansı pillədə başa vura biləcəyinizi ehtimal edirsən?
- Həqiqətən bugünkü vəziyyət və turnir cədvəli bizim üçün qəbuledilməzdi. Çünki mövsümə başlayanda məqsədimiz çempion olmaq idi. Amma hazırda vəziyyət istədiyimiz kimi deyil. Qarşıda bizi 6 final oyunu gözləyir və bu oyunlarda qələbədən başqa heç nə bizi qane edə bilməz. Hələ heç nə bitməyib. Altı oyunun hamısında maksimum nəticə əldə edib, mövsümü ən yaxşı pillədə başa vurmaq istəyirik. İlk "üçlük"dən başqa digər yer bizim üçün böyük uğursuzluq olacaq və bunu düşünmək belə istəmirəm.

- Komandanın yeni mövsümdən yüksək liqaya çıxarılacağı iddia edilir. Ola bilər ki, buna görə futbolçularda rahatlıq var?
-Bu iddaları biz də eşidirik, ancaq hələ rəsmi bir şey yoxdu. Ona görə düşünmürəm ki, futbolçularda rahatlıq olsun. Belə bir şey qəti şəkildə ola bilməz.

- “Kəpəz” Premyer Liqaya çıxarılacağı təqdirdə yəqin ki, hazırki heyətdən çox az futbolçunun komandada saxlanılacağını düşünürsən, yoxsa yerli futbolçulara üstünlük verilməlidi?
- Dediyim kimi hələ rəsmi bir şey yoxdu. Ona görə də bu haqda düşünmürəm. Mənim üçün vacib olan qarşıdakı oyunlardı. Bu oyunlarda qələbə qazanaraq mövsümü yüksək yerdə bitirmək istəyirik. Daha sonra rəsmi qərar olarsa, bu haqda fikir bildirə bilərəm.

Xəbər xətti