Polşanın "Limanovia" klubu ilə müqavilə imzalayan Elgün Nəbiyev Sportal.az saytına müsahibə verib. Bu ölkəyə yollanan növbəti azərbaycanlı olan yarımmüdafiəçi yeni klubundakı məqsədindən söhbət açıb.
- Polşa klubuna keçidin necə baş tutdu?
- “Go and Play” şirtkətindən yazdılar mənə. Dedilər ki, komanda tapmışıq. Danışdıq, razılaşdıq.
- Neçə gündür ki, “Limanovia” klubunun düşərgəsindəsən?
- Ayın 5-də gəlmişdim bura. Gəldiyim gündən də məşqlərdə daim iştirak edirəm.
- Baxışa getmişdin, yoxsa birbaşa müqaviləyə?
- Müqaviləyə gəlmişdim birbaşa. Sadəcə bir az problem yaşanmışdı. Şükür Allaha həll olundu məsələ.
- Sənə yaradılan şərait və ümumi maddi durum necədi?
- İndiki halda hər şey yaxşıdı. Futbola qayıtdığım üçün çox sevincliyəm.
- Türkiyədə yaşayırsan. “Səbail”dən ayrıldıqdan sonra bu ölkəyə yollanaraq karyeranı başa vurmuşdun, yoxsa axtarışdaydın?
- Bəli, Türkiyədə yaşayıram. “Səbail”dən sonra futboldan küsmüşdüm. Daha doğrusu, bəzi insanlar haqsızlıqları ilə məni futboldan küsdürmüşdü. Ancaq çox istəyirdim futbolsuz qalmayım. Hara əlimi atırdım, alınmırdı. Yenə də uzun müddət futbolsuz qalmağım üzücü hiss idi.
- Komanda sayca üçüncü liqada çıxış edir. Necə düşünürsən, liqa və klub hansısa perspektiv vəd edir?
- Polşa liqası şərait və perspektivləri baxımından hazırda sürətlə inkişaf edir. Oyunlara bir çox ölkələrin klublarından skautlar və idman direktorları gəlib izləyir. Həm də oyun stili baxımından mənə daha uyğun olduğu üçün buranı seçdim. Menecerim İtaliya və Almaniya 4-cü liqasından bir sıra təkliflərin olduğunu bildirmişdi. Amma oturduq, məsləhətləşdik Polşadakı futbolun inkişafı daha cəlbedici olduğu üçün “Limanovia” ilə razılaşdıq. Təbii ki, növbəti mövsüm üçün hədəfim yarım dövrə formamı bərpa edib, yay transfer pəncərəsində Ekstraklasa və 1-ci diviziondakı klublardan birilə müqavilə imzalamaqdı.
- Son vaxtlar Polşaya gedən azərbaycanlıların sayı çoxalıb. Ancaq hamınız aşağı liqa klublarına keçirsiz. Bu, Azərbaycan klublarının yerli futbolçulara dəyər verməməsindən irəli gəlir, yoxsa legioner həyatı yaşayıb inkişaf etmək üçün atılan addımdı?
- Azərbaycan futbolu və futbolçuları məşhur olmadığına görə bir sıra yüksək liqa klubları yalnız öz ölkəsində top qovmuş oyunçuları transfer etməkdən çəkinir. Bir növ qapalı qutu kimi baxırlar bizim oyunçulara. Əlavə olaraq, düşünürəm ki, bizim gənc futbolçular Polşaya gəlib Avropa təcrübəsi yaşamaq və inkişaf etmək istəyirlər. Hər halda mənim kimi bir çox futbolçunun xəyalı Avropada ən azı müəyyən müddət legioner həyatı yaşamaqdı.
Mirbağırağa
saytlarin hazirlanmasi