Qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı, Rusiyanın "Krasnodar" klubunun aparıcı üzvü Sevinc Cəfərzadə Sportal.az saytına müsahibə verib:
- Milli 5 gün əvvəl Bosniya və Herseqovinaya uduzmuşdu. Komanda nəyə görə bu matçda uduzmuşdu?
- Hesabda uduzduq, amma oyunda uduzmadıq. Komanda kimi yaxşı oynadıq. Qol epizodlarımız oldu, təəssüf ki, yararlana bilmədik. İkinci hissəyə 8 dəqiqə əlavə edilmişdi. Təəssüf ki, 90+4-də qol buraxdıq. Bəxtsizlikd, ya qismətdi, bilmirəm. Sadəcə çox təsir etdi bizə bu məğlubiyyət. Çünki yaxşı oynamışdıq. Rəqiblə başabaş mübarizə aparmışdıq. Xeyirlisi. Bosniya və Herseqovina ilə ilə Bakıda oyunumuz olacaq. Allah qoysa, revanşı alarıq.
- Monteneqro millisini Bakıda məğlub etdikdən sonra milliyə ümidlər çoxalmışdı. Həmin uğurun ardının gəlməməsinin səbəbi nə idi?
- Qələbənin ardı gəlməsə də, yaxşı futbol oynayırıq. Hər halda 90+4-də qol buraxıb uduzmağı da nəyləsə əlaqələndirmək lazım deyil. Bizə ümid edən insanların ümidlərini doğrultmağa çalıaşcağıq.
- Bu gün Danimarka önünə çıxacaqsınız. Bosniyadakı məğlubiyyətdən sonra özünüzə gələ bilmisiz? Komanda 5 günə 2 oyun oynaya biləcək gücdədi?
- Nə qədər ağır olsa da, özümüzə gəlmişik. Bosniyaya məğlubiyyət təsiredici idi. Hələ də buraxdığımız qol gözümünüz qabağından getmir. Amma irəliyə baxırıq. Onlarla sentyabrda revanş matçımız var. Beş günə iki oyun oynamaq gücündəyik ya yox, məsələsinə gəlincə, bura milli komandadı lazım olsa, 5 günə 5 oyun oynayırıq. Bura millidi, düşünmürəm ki, hansısa qız beş günə iki oyun oynadığımızın çətin olacağını fikirləşsin. Burada yorulmaq olmaz. Əlimizdən gələnin ən yaxşısını etməliyik ki, ölkəmiz adına yaxşı nəticələr qazanaq.
- Danimarkaya böyükhesabla uduzmamaq üçün oynayacaqsınız, yoxsa bu görüşdə xal və ya xallar qazanmaq haqda fikirləşirsiz?
- Danimarka Avropa top komandalardan biridi. Buna baxmayaraq əlimizdən gələnin ən yaxşısı edəcəyik. Hər zaman oyuna yanaşmamız yüksək səviyyədə olub, qələbə üçün oynamışıq. Ola bilər ki, hansısa oyunda uduzaq, qalib gələk, həmişə oyuna yanaşmamız yüksəkdi. Danimarka çox ciddi rəqibdi, usta və təcrübəli futbolçuları var. Buna baxmayaraq, onlarla mübarizə aparacaq gücündəyik. Heç birimiz uduzmaq istəmirik. Bəzən hardasa təcrübə çatmır, hardasa oyun praktikası çatışmır. Bizim qızlar çox cavandı, gələcəkləri qabaqdadı. Zaman lazımdı. Danimarka millisinin futbolçularının yaşlarına, hansı klublarla oynadıqlarına baxın...Ustalıq səviyyələri yüksək, təcrübələri göz önündədi. Ancaq biz sona qədər vuruşacağıq.
- Ötən il Bakıda Danimarkaya 0:8 uduzmuşdunuz. Həmin oyun yadınıza düşəndə motivasiyadan düşmürsüz?
- Belə məğlubiyyətlər yaxşı izlər buraxmır. Düşünürəm ki, bu gün belə hesabla üzləşməyəcəyik. Belə hesablar motivasiyadan salmamalıdı bizi, əksinə güc verməlidi. Belə oyunlar təcrübə, dərs olmalıdı. Danimarkanın bu hesabı qazanmasında sadəcə oyunçuların çox təcrübəli və usta oyunçulardan ibarət olmasıdı. Bizimkilər çox cavandı. Perspektivli futbolçularımız var. Sadəcə zamana ehtiyacımız var.
- Malta millisi də qrupda bizdən yuxarıda qərarlaşıb. Necə düşünürsən, sonuncu pilləni tutmamaq üçün heç olmasa Maltanı ötüb keçmək mümkün olacaq?
- Qrupun start oyunlarında bəxtsizlik, ilk oyunlardakı məğlubiyyətlər bizi geri salıb. Buna baxmayaraq ümid edirəm ki, qrupda sonuncu yeri tutmayacağıq. Hələ Danimarka matçından sonra Bakıda Bosniya və Herseqovina və səfərdə Malta ilə oyunlarımız var. Bu oyunlardan maksimum xal götürə bilərik.
- İddia edilir ki, UEFA 2023/2024 mövsümündən qadın komandası olmayan klublar avrokuboklara buraxılmayacaq. Azərbaycanda qadın komandaları və liqanın səviyyəsi yüksələrsə, ölkəyə qayıtmağa hazırsan?
- Bir çox futbolçuların arzusudu ki, legioner həyatı yaşasınlar. Mən də onlardan biriyəm. Həm öz adıma, həm də öz ölkəmi təmsil etmək adına. Azərbaycanda təbii ki, kişi komandalarının qadın klubları yaratması böyük töhvə olacaq futbolumuza. Milli komandamıza da oyunçu seçimi baxımından xeyir olacaq. Sadəcə zaman lazımdı. Qayıtmaq şansım ola bilər. Legioner həyatı yaşamaq şansım varsa, davam edəcəm. Yaxşı şərtlər olarsa, öz ölkəmə də qayıda bilərəm.
- "Krasnodar"dakı durumunuz necədi? Son hadisələrdən sonra klubda maddi sıxıntılar yaranıb? Kişi komandasında legioner qalmayıb, hamısı klubu tərk edib...
- "Krasnodar"da durumum çox yaxşıdı. Məni narahat edən heç nə yoxdu. Sadəcə bir məsələ var idi, o da rublun dəyərinin düşməsi idi. İndi isə yaxşıya doğru gedir. Maaşımı rublla alırdım deyə, məni narahat edirdi. Amma başqa sıxıntım, filan yoxdu. Klubda maddi sıxıntllar yaranıb-yaranmaması haqda məlumatım yoxdu. Məlum hadisələrlə bağlı bütün klublarlda ekonomiyalar ola bilər. Amma "Krasnodar"ın kişi komandasından legionerlərin getməsi, klubun çökməsi, maliyyəsinin aşağı olması ilə bağlı deyil. Sadəcə rəhbərlik belə qərar verdi. Səbəbini də özləri bilir. Qadın komandasında da vəziyyət yaxşıdı. Çempionatımız başlayıb, artıq 2 oyun oynamışıq, 1 qələbə, 1 heç-heçəmiz var. Pis orasıdır ki, sanksiyalara görə hansı yeri tutsaq da, avrokuboklara yollana bilməyəcəyik. Təbii ki, hələlik belədi. Gələcəkdə necə olacaq, görəcəyik. Bizə futbolumuzu oynamaq tapşırılıb.
saytlarin hazirlanmasi