"Zirə"nin yunan legioneri: "Ola bilər ki, bir neçə turdu qalib gələ bilmirik, amma çox yaxşı futbol oynayırıq" - MÜSAHİBƏ

12:51 - 13 Aprel 2022

"Zirə"nin yunanıstanlı legioneri Dmitrios Çantakias Sportal.az saytına müsahibə verib:

- "Zirə" son turda "Sabah"a məğlub oldu. Səncə, niyə məğlub oldunuz?
- Bu oyunda bəxtimiz gətirmədiyinə görə uduzduq. Qol vurmaq üçün şanslarımız çox idi. Amma bunu edə bilmədik. Çünki dediyim kimi şans yanımızda deyildi. 

- "Sabah" bu matçda "Zirə"dən daha güclü oynadı? 
​- Fikrimcə, biz çox yaxşı futbol oynadıq. Çox da qol epizoduna girmişdik. Amma bir neçə səhvə yol verdik. Məşqlərdə onlar üzərində işləyəcəyik.

- "Zirə" sonuncu dəfə 18-ci turda qalib gəlib. Neçə turdur ki, qalib gələ bilməməyinizin səbəbi nədi? İnamsızlıq yaranmayıb komandada?
- Komandamızda heç bir problem yoxdu. Ola bilər ki, bir neçə turdu qalib gələ bilmirik. Amma çox yaxşı futbol oynayırıq. İstədiyimiz nəticələr özü gələcək.

- Növbəti turda "Zirə" "Səbail"lə qarşılaşacaq. Rəqibiniz son turda "Qəbələ"ni 3:0 məğlub etdi. Həmin oyunu izləmisən?
- Əlbəttə ki, “Səbail” – “Qəbələ” matçını izlədim. Biz hər bir rəqibimizə hörmətlə yanaşırıq. Bu görüşdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, xallar qazanaq.

- Turnir cədvəlində komandalar arasında xal fərqi çox deyil. "Zirə"nin 36, "Qəbələ"nin 34, "Sabah"ın 32 xalı var. Yəqin ki, təhlükə hiss edirsiz?
- Bəli, bütün komandalar bir-birinə yaxındı. Əslində, bunun özü bizə daha yüksək motivasiya verir. Qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün daha çox çalışacağıq.

- Səncə, avrokuboklara vəsiqə qazanmağınız reallaşacaq? 
- Bizim çox yaxşı baş məşqçimizlə bərabər yaxşı komandamız var. Biz çox işləyirik. Avrokuboklar hədəfinə çatmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bununla yanaşı çempionatı da turnir cədvəlinin mümkün qədər yuxarı pillələrində bitirmək istəyirik.

- Ölkə kubokunda isə "Neftçi" ilə qarşılaşacaqsınız. Demək olar ki, ağır qrafikə girirsiniz. Komanda psixoloji və fiziki cəhətdən hazırdı bu ağır qrafikə?
- Hansı rəqibə qarşı oynasaq belə, qorxmalı heç nə yoxdu. Biz bütün gücümüzlə mübarizəyə davam edəcəyik. Sona qədər də bunu edəcəyik.

Xəbər xətti