"Zirə" Azərbaycan Premyer Liqasının 23-cü turunun oyununda doğma meydanda "Səbail"i 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün yaxşı komandaya qarşı oynayırdıq. Əvvəlki matçlarda da onların oyunlarını, məşqçilərin gördükləri işi yüksək qiymətləndirmişəm. İlk hissə istər oyun, istərsə də nəticə baxımından bizim üçün daha yaxşı alınırdı. İkinci hissədə tapşırıq o idi ki, fərqi artıraq və sonluq biz istəyən kimi olsun. Oyunumuza davam etdik, qol epizodlarımız var idi. "Səbail" öz oyun intizamındam qopmur. "Qəbələ"ni məğlub etmişdilər. Bilirdik ki, rəqibdə ab-hava yüksəkdi. Çalışdıq ki, nəticənin istədiyimiz kimi olması üçün nə lazımdırsa, edək. Son dəqiqələrdə keçən oyundakına bənzər səhvə yol verdik. Yaxşı oyunlarımızdan birini keçirdik.
- 2:0 dan sonra dayanmağınız nə ilə əlaqədar idi? "Neftçi" ilə matçı düşünürdüz?
- Qəti şəkildə "Neftçi" ilə oyunu düşünmürdük. Futbolçular böyük stress altında oynayır. Bu da bütün komandalarda hiss edilir. Biz də də var idi. Ramazan ayıdı, futbolçular oruc tuturlar. Bütün komandalarda bu var. Oyunçuların fiziki durumlarına təsir edir. 2:0 sürüşkən hesabdı. Kubok matçını çıxmaq şərtilə, "Səbail"lə oyunlarımız gərgin keçmişdi. Onlar sona qədər mübarizə aparır. Mən də istəyirdim ki, üçüncü qoku vuraq, rahatlaşaq. Amma oyun elə getdi ki, nəticəni dəyişə bilmədik, Coşqunu qoruya bildik. Üç sarı vərəqəsi var. Ramazan da hərəyə bir cür təsir edir, onun çəkisi 2-3 kq düşüb. Adam ehtiyat edir, zədədən qorxursan. Elə perioda girmişik ki, bəzən verdiyin qərarlar qeyri-standart olur. Bilmirsən futbolçunun hazırki kondisiyası, fiziki durumu, əzələləri nə vəziyyətdədi. Maksimum çalışacağıq ki, qarşıdakı turlarda da düz bildiklərimizi edək. Rahatlaşmaq ola bilməz. Hücumlarımıza davam etdik, qol da vurduq, səhv etmirəmsə ofsayd da yox idi. Vacib olan odu ki, qəza baş vermədi və qalib gəldik.
- Əvvəlki turlarda daha çox qol vururduz, indi az vurursuz. Davit Volkova top gəlmir ki, qol vursun. Bu, nə ilə əlaqədardı?
- Sualla razı deyiləm. Davitə top gəlmir ki? Razı deyiləm. Rotasiyalara getdik. Həmişə də gedirik. Bu oyunda başqa üçlüyü düşünürdük ki, bu da effektini verdi. Davit aparıcı oyunçularımızdandı, yaxşı formadadı, məşqlərdə də özünü yaxşı tərəfdən göstərir. Hər epizodu da vurmaq olmur. Çempionat boyu, çempionatın digər hücumçularını da nəzərə alsaq, elə Davit qədər qol vurublar. Ola bilər ki, bir tur vurasan, o biri tur vurmayasan. Üç səfər oyununu iddialılara qarşı keçirmişik və yetərincə qol epizodlarımız olub. Sadəcə lazımi qədər istifadə edə bilməmişik. Bu da futbolun bir hissəsidi. Əsas odur ki, oyun plnanında problem olmasın. Şükürlər olsun, "Sabah" və "Neftçi"yə qarşı yaxşı oynadıq. Bugünkü oyun da həmin ki oyunların davamı idi. Nəticə çox vaxt oyunum göstəricisi olmur. Mən futbolçular və komandanın performansına önəm verirəm. Nəticələr zamanla gələcək.
- Təmkinin ehtiyatda olması nə ilə əlaqədardı?
- Dörd gündən bir oyuna hazırlaşırıq. Elə şeylər var ki hamısını aça bilmirəm. Məşqçi planları, ideyasıdı. Burada danışdıqca rəqiblərə məlumat vermiş olursan. İstər David, istər Təmkin, istər Hacıağa olsun, mənim üçün hər biri aparıcı oyunçudu. Bundan sonra rotasiyalar daha çox ola bilər. Sıx qrafikimiz var. Ötən il kuboka da çempionata da güc sərf etdik və istədiyimiz nəticə olmadı. Keçənilki təcrübəmizdən builki sıx qrafikdə yararlanacağıq.
- Hazırda "Zirə"nin hədəfi nədir?
- Futbol elədir ki, proqnoz vermək mümkün deyil. Mövsümün əvvəlində soruşsaydılar, deyərdim hədəf avrokuboklara düşməkdi. Amma indi gedişata baxırsan, ikincisən və ikinci olmaq istəyirsən. Çempionluq şansın varsa, çempion olmaq istəyirsən. "Neftçi" ilə 5 xal fərqimiz var. İlk hədəf avrokuboklara düşməkdi. İkinci yerlə olacaq, ya kuboku qazanmaqla, bunu bilmirəm. Bəlkə avrokuboklardan kənar qalacağıq. Gedişatdan çox şey asılı olacaq.
- Sizin üçün nəticə daha vacibdi, yoxsa oyun planında inkişaf?
- Bir oyun fəlsəfəmiz var və keçən ildən onu inkişf etdirməyə çalışırıq. Təbii ki, nəticəni də fikirləşirik. Öz yolumuz var. Sırf nəticəni fikirləşsək, bu, bizə psixoloji problem yaradacaq. İlk növbə biz öz oyunumuzu fikirləşməliyik. Nəticə olmadıqdan sonra göstərdiyin oyun da insanlara, mütəxəssislərə fərqli gəlir. Komanda "Sabah" və "Neftçi"yə qarşı səfərdəki oyunlarla mesaj verdi ki, daha böyük işlərə qadirdilər. Əlimizdən gələni edəcəyik ki, inkişaf edək. Böyük uğurlar üçün gərək oyunumuz stabil olsun və günü-gündən onu yaxşılaşdırmalıyıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi