"Hər şey tez bir zamanda oldu. "Səbail" rəhbərliyi ilə oturduq, söhbətləşdik. Ümumi fikirlərimiz eyni oldu. Sonda da razılaşdıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Mahmud Qurbanov deyib.
Dünən "Səbail"in yeni baş məşqçisi təyin edilən Qurbanov məqsədlərdən də söz açıb. Onun sözlərinə görə, əsas məqsəd yaxşı komanda formalaşdırmaqdı: "Əsas vəzifəmiz yaxşı komanda formalaşdırmaqdı. Yeni mövsüm üçün mübariz komandamızın olmasını istəyirik. Amma əlbəttə ki, bununla bərabər turnir cədvəlində də irəliləmək istəyəcəyik. Komandanın müqaviləsi sona çatan yerli futbolçuları ilə danışıqlarımız davam edir. Bu mövsüm komandada yer almış, müqavilələri bitən legionerlərlə isə əməkdaşlığa davam etməyəcəyik. Çox istəyirik ki, Premyer Liqada digər klublarla rəqabətə dayanıqlı komandamız olsun".
"Kəpəz"in yeni mövsümdən Premyer Liqada mübarizə aparacağı dəqiqləşdikdən sonra bu komandanın baş məşqçi postuna namizədlər sırasında göstərilən Qurbanov həmin məsələyə isə belə şərh verib: "Mətbuatdan da oxuyurdum ki, hansısa klublara baş məşqçi namizədləri arasında mənim də adım var. Ancaq ən real təklifi edən "Səbail" oldu. Onlarla oturduq, danışdıq, razılaşdıq. Bu baxımdan "Səbail" konkret addım atdı".