Rəşad Sadıqov: "Öz büdcəmizə uyğun istədiyimiz oyunçuları transfer etməkdə çətinlik çəkirik" - VİDEO

22:30 - 5 Avqust 2022

Azərbaycan Premyer Liqasının ilk turunun "Kəpəz" - "Zirə" matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, qəsəbə klubunun çalışdırıcısı oyun haqda bu cür danışıb:

 

- İlk turlar həmişə çətin keçir, xüsusən də avqust ayında olan oyunlar. Avrokubok oyunlarından sonra çempionat matçına çıxmaq müəyyən çətinliklər yaradır. Bu gün də oyunda bu şeyləri yaşadıq. Rəqib çox əzmkar mübarizə apardı. İlk saniyədən son saniyəyə kimi kəsərli hücumlar qurmaqda çətinlik çəkirdik. Bunda da rəqibin böyük əməyi var idi. "Kəpəz" hər zaman xarakteri ilə seçilib. Əlavə olaraq Yaşar Vahabzadənin böyük təcrübəsi var. Müdafiədən oyun qurmağın bəlkə də ustadıdır. Azlıqda qaldıqdan sonra oyunu gücləndirmək üçün son dəyişikliklərimizi etdik, Sərtanı hücum xəttinə atdıq. Son dəqiqələrdə çox vacib qol vurduq. Bu da futbolçuların xarakterindən xəbər verir. Bu ağır oyundan 3 xal çıxarmaq bizim üçün çox vacib idi. Çatışmazlıqlarımız var, onların üzərində mütləq işləməliyik. Qarşıdakı oyunlara köklənəcəyik.

 

- Rəqibdən belə oyun gözləyirdiz?

- Mən gözləyirdim. Yoldaşlıq oyunlarını, son transferlərini və Yaşar Vahabzadənin təcrübəsini nəzərə aldıqda belə oyun gözləyirdim. Hətta ağlımdan məğlub olmaq ehtimalını da keçirirdim. Bizim futbol ictimaiyyətində belə fikir var ki, hər zaman heyətə, komandanın adına baxılır. Amma elə deyil. Qarşı tərəfdəki məşqçini, komandanı mütləq nəzərə almaq lazımdır. Gözləyirdim ki, "Kəpəz" müəyyən dəqiqələrdən sonra yorulacaq, amma yorulmadılar. İlk oyun olmasına baxmayaraq sona qədər mübarizə apardılar, bizə çox çətin anlar yaşatdılar. Hətta bizə ikinci qolu vurdular, sadəcə olaraq ofsayd oldu. Bu gün məğlub da ola bilərdik. Futbolçular sağolsunlar, sona qədər inandılar. 

 

- Ehtiyat qüvvəniz sanki azdır. Yeni transferlər gözlənilir?

- Açıq-aşkar bəllidir ki, heyətin genişliyi ilə bağlı problemlər yaşayırıq. Rəhbərlik transferlərə büdcə ayırıb. Sadəcə olaraq seleksiya işlərimiz yubanır. Bu, birbaşa mənim seçimlərimlə bağlı olan məsələdir. Avropa bazarında keçən illə müqayisədə qiymətlər yerindən oynayıb. Hazırda biz öz büdcəmizə uyğun istədiyimiz oyunçuları transfer etməkdə çətinlik çəkirik. Amma son ana qədər ümid edirik ki, məhz istədiyimiz futbolçuları transfer edəcəyik. 25 gün vaxtımız var, gözləyək. İstədiyimiz transferlərin alınmayacağı təqdirdə alternativ planlarımız da var. 

 

- VAR sistemi çempionata nə qədər maraq gətirib?

- Ümumiyyətlə bu gün oyunda çox pauzalar olurdu. Vurduğumuz qolda sona qədər sevinmirdim. Bilirdim ki, eyni xəttə idilər, amma yenə də orada santimetrlər rol oynaya bilər. VAR-a adaptasiya olmalıyıq, artıq bu, dünya futbolunda var. Xüsusilə biz son illərdə yaşadığımız hakim səhvlərinə görə VAR sisteminin gəlməyini istəyirdik. Çox istəyərdim ki, bu sistem futbolumuz üçün böyük qatqı olsun.

 

- Bildirdiz ki, bazar qiymətləri qalxıb. Rəhbərliyin büdcəni artırmaq fikri var?

- Bu yöndə danışıqlarımız gedir. Qarşıdakı günlərdə bu mövzu ilə bağlı rəhbərliklə danışığımız olacaq. Çünki keçən ilki qiymətə futbolçu gətirə bilmirik. Bir çox klublarımız bu yöndə çətinlik çəkirlər. Türkiyədə 3 klubla bir oteldə qalırdıq. Böyük pulla futbolçu tapmaqda çətinlik çəkirdilər. Orada başa düşürdüm ki, bizi nə qədər çətin transfer dönəmi gözləyir.

 

Xəbər xətti