"Kəpəz"in Gəncədə oynamasına icazə verildi - RƏSMİ

17:26 - 6 Oktyabr 2022

Azərbaycan Respublikasının Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə”nin 07.09.2022-ci il tarixli rəyinə, “Kəpəz” Peşəkar Futbol Klubunun Peşəkar Futbol Liqasına təşkilati işlərin həyata keçirilməsi və təhlükəsizliyə tam zəmanət verilməsi ilə bağlı məktubuna əsasən, təşkilati qurum tərəfindən 04.10.2022-ci il tarixədək Gəncə şəhər stadionunda oyunun təşkilinə birbaşa və dolayı yolla aidiyyatı olan qurğuların hazırlanması ilə bağlı vaxt verilib.

 

Sportal.az xəbər verir ki, vaxt bitdikdən sonra Peşəkar Futbol Liqasının müvafiq işlərə cavabdeh olan şəxslərinin 05.10.2022-ci il tarixdə Gəncə şəhər stadionunda geniştərkibli təftişi həyata keçirilib.

 

Bu gün isə Peşəkar Futbol Liqasının yuxarıda qeyd olunan məktub və rəylər, eləcə də son təftiş əsasında yekun iclası baş tutub.

 

Qərara gəlinib ki, tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilsin.

 

Məlumat üçün bildirək ki, Peşəkar Futbol Liqasının tələbi ilə Gəncə şəhər stadionunda hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı, “sky-box”lar, tribunalar, reklam şitləri, media nümayəndələrinin çalışması üçün qurğular, eləcə də bu və digər qaydada oyunun keçirilməsi üçün lazım olanlar hazır vəziyyətə gətirilib.

 

Qərardan sonra Peşəkar Futbol Liqası oktyabr ayının təqviminə aşağıdakı dəyişiklikləri edir:


16 oktyabr
Kəpəz – Neftçi

Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)

 

29 oktyabr
Kəpəz – Səbail

Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)

 

Qeyd edək ki, Sportal.az saytı 10 sentyabr tarixində "Kəpəz"in ev oyunlarını Gəncədə keçirəcəyi ilə bağlı özəl xəbər yazmışdı. http://sportal.az/news/144539

Xəbər xətti