"Zirə" Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Qarabağ"la heç-heçə edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün çətin oyun keçdi. Matçdan əvvəl də bəlliydi ki, "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdı. Xüsusilə də, komandanın hazırki formasında. Həqiqətən çox ağır oldu. Amma futbolçular əzmkarlıq göstərib, yaxşı mübarizə apardılar. Məğlub da ola bilərdik. Futbolçularımın əzmkarlığı məni çox sevindirdi. Sona qədər mübarizə apardılar. Bizim üçün çox vacib olan bir xal qazandıq. Həmişə favorit komandalarla matçda qazanılan bir xal, çempionatın sonunda çox dəyərli olur. Futbolçularımı təbrik edirəm.
- Bu gün sanki komanda daha döyüşkən idi...
- "Qəbələ" oyunundan bu yana komandada istər əzmkarlıq, istər kondisiya baxımından inkişaf görünür. Mövsüm davam etdikcə, futbolçular da yaxşı formaya çatırlar. Komandanın əzmkar oynaması bizim üçün çox vacibdir. Çünki mənim üçün ilk növbədə gələn komandanın əzmkar və döyüşkən olmasıdır. Daha sonra digər keyfiyyətlər gəlir. Bu gün komanda çox əzmkar idi. Bunu daha da inkişaf etdirməliyik. Bildirdiyiniz fikirlə razıyam. Amma çempionat çox gərgin mübarizə şəraitində gedir. Mütləq hər oyundan xal və ya xallarla ayrılmaq lazımdır. Hələ ki, gedişat belədir. Qış fasiləsindən sonrakı turlar nə göstərəcək, bilmirəm. Avrokuboklara iddialı klublar nadir hallarda xal itirirlər. Ona görə də, qazanılan hər bir xal çox dəyərlidir. Xüsusilə də, "Qarabağ" kimi komanda ilə oyunda.
- Qış fasiləsində yeni transferlər olacaq?
- Transferlər etmək istəyirik. Bəzi mövqeləri gücləndirmək niyyətindəyik. Amma özünüz də bilirsiz ki, qışda transfer etmək həmişə çətindir. Görək də, necə olacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi