Mahmud Qurbanov: "Bəzi insanlar çox narahatdır"

21:35 - 19 Dekabr 2022

"Səbail" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"ı 1:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

 

- Kubok matçları həmişə fərqli olur. Bu gün də bunun şahidi olduq. Komandamız çempionatdan fərqli olaraq kubokda yaxşı təsir bağışlayır. Bu turnirdə keçirdiyimiz üç matçın hamısında qalib gəlmişik. Bu gün "Sabah" kimi bir komandanı mübarizədən kənarlaşdırdıq. Uşaqlara təşəkkür etmək istəyirəm. Əllərindən gələni etdilər. Oyunun mahiyyətini başa düşürdülər. Belə də davam etmək lazımdır. İstəyirik ki, çempionat matçlarında da qələbələrimiz çox olsun. Bunun üçün də çalışacağıq.

 

- Əvəzetmə etmədiniz. Bu, məcburiyyətdən idi, yoxsa ehtiyac olmadı?

- Ehtiyac görmədim. Uşaqlar nələri var idisə, meydanda ortaya qoydular. Cabirin bir az ağrıları var idi, amma axıra kimi dözdü. Rahidlə Martinov da yorulmuşdu. Amma onları dəyişməyə ehtiyac duymadım.

 

- "Səbail"in Şirvan şəhərinə göndəriləcəyi ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Tək "Səbail"i yox, məni də istefaya göndərirdilər. Bəzi saytlarda elə yazılmışdı. 


- Futbolçulara bəzi cəzalar verdiyuniz deyilir. Bu, nə ilə bağlıdır?

- Nəsə demək mənim üçün də çətindir. Hər oyundan sonra məni göndərirlər, yerimə baş məşqçi gətirirlər. Səbəbi həmin adamların özlərindən soruşmaq lazımdır. Bəzən mənə elə gəlir ki, kənardan bəzi şəxslər "Səbail"ə daha çox can yandırırlar, nəinki biz. Çox cənfəşanlıq edirlər. Komandada olan bəzi şeyləri çox şişirtməyə çalışırlar. Amma biz futbolçularımıza inanırıq, hamısının arxasındayıq. Onlara güvənimiz çoxdur. Futbolçular da, biz də istəyirik ki, yaxşı yerlərdə olaq. Mətbuatı mən də oxuyuram. Özüm də özümə sual verirəm ki, niyə bizim komandada belə şey var? Yəni mən belə şeylər etmişəm? Bu, həmişə olacaq. Bəzi insanlar çox narahatdır. Narahatlığa da davam etsinlər. Biz öz işimizi görəcəyik. Komandada nizam-intizam hamı üçün eynidir. Bizim üçün yerli və ya legioner oyunçunun fərqi yoxdur.

 

Elçin Əlixan

Xəbər xətti