Rəşad Sadıqov: "Bu hal heç xoşuma gəlmədi"

22:08 - 20 Dekabr 2022

"Zirə" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

 

- 120 dəqiqə maraqlı futbolun şahidi olduq. Birinci hissədə baxımlı olmasa da, aqressiv oyun gedirdi. ikinci hissədə oyun çox dəyişdi. Baxımlı və sürətli futbol izləyirdik. Hər iki komanda mərhələni keçməyə layiq idi. "Neftçi"ni təbrik edirəm. Dünən "Qarabağ" və "Sabah"ın mübarizəni dayandırması "Neftçi" üçün əlavə motivasiya olacaqdı. Biz də çox istəkli idik. Rəqib əlinə düşən fürsətlərdən maksimum istifadə etdi. Qaçırdıqları epizod xatırlamıram. Nə vurdularsa, qol oldu. Bizim isə yaxşı qol vəziyyətlərimiz oldu. Son zərbə çatmadı. Rəqibin heyətində yetərincə usta futbolçular var. Bu faktor oyunun taleyində əsas rol oynadı. 


- Bu gün açıq futbol oynasaydız, nəticənin fərqli olacağını düşünmürsüz?

- İkinci hissədən etibarən açıq futbol oynadıq. 


- Paltardəyişmə otağında Rəhimlə Keytanın arasında nə baş vermişdi?

- Bilmirəm, görməmişəm. Mən gələndə sakitlik idi, hamı oturmuşdu. Futbolçularla danışdım. 


- Penaltini Rəhim Sadıqov vurmaq istəyirdi, amma Keyta yerinə yetirdi. Rəhimi buna görə əvəzlədiz?

- Bəli. Rəhimi penaltiyə görə əvəzlədim. Bizim komandada penaltini Keyta və Rəhim yerinə yetirir. Əgər, Keyta Keyta özünü inamlı hiss etməsə, Rəhim vura bilər. Keyta topu götürüb vururdu. Aralarında bölüşə bilmədilər. Bu hal heç xoşuma gəlmədi. Pozitiv notlarda idim. Yaxşı mübarizə gedirdi, fərqlənə bilərdik. Amma o epizod məni məyus etdi. 


- Keyta ikinci dəfədir penaltini qaçırır...

- Ola bilər. Bundan sonra da qaçıra bilər. Bizim komandada penaltiləri Keyta yerinə yetirir. Bu həssas məqamdır. Penalti vuranı tez-tez dəyişmək olmaz. Mənə xoşdur ki, futbolçu səhv etdikdən sonra yenə özünə güvənir. Keyta penaltini öz əməyi ilə qazandı. Futboldur, belə şeylər olur. 


- Rəhim Sadıqovu cəza gözləyir?

- Bu haqda düşənəcəyəm. İsti-isti fikir bildirib tələskən qərar vermək istəmirəm. 

 

- "Neftçi" azarkeşləri sonda sizi xoş qarşıladı. Bu, gözlənilməz olmadıki?

- Çox xoş idi. "Neftçi" azarkeşləri karyeramda böyük rol oynayıblar. Böyük futboldakı ilk addımlarımı burada atmışam, burada püxtələşmişəm. O illərdə "Neftçi" azarkeşlərinin sevgisi və dəstəyi olub. "Neftçi" və "Qarabağ" azarkeşlərinin həyatımda xüsusi yeri var.

 

- Əsas favoritlərin kubokda dayandığı vaxtda mübarizəni dayandırdınız. Buna görə təəssüflənirsiz?

- Masa üzərində hansısa rəqib zəif görünür. Amma hər şey ola bilər. Üçüncü dəfədir ki, "Neftçi" ilə qarşılaşırdıq, iki dəfə biz keçmişdik. İki dəfə əvvəl keçdiyin komandanı sonra mübarizədən kənarlaşdırmaq daha çətindir. Çünki rəqib oyuna motivasiya ilə çıxır. Futbolçular özlərinə və futbol camiəsinə nəsə göstərmək istəyirlər. "Neftçi" çox istəkli idi. Azərbaycan futbolu bu gün qazandı. Biz də qalib gələ bilərdik. İki il biz keçmişdik, bu il onlar keçdi. Önümüzə baxacağıq.

 

- Rəhim Sadıqov bu mövsüm fərqli mövqelərdə oynayıb. Bunun səbəbi nədir?

- Onu transfer edəndə həmin mövqe üçün planlaşdırmırdıq. Müəyyən itkilər, zədələr oldu. Ondan daha çox hücumçu kimi istifadə etdik. Bu gün solda başladı. İlk matçla müqayisədə oyun planında heç nə dəyişməmişdi. Rəhim universal futbolçudur. Hücumçu transfer etmək istəyirəm. Zədəlilərimiz çox olur, hücumçusuz oynayırıq neçə matçdır. Meydana buraxmağa hücumçu yox idi. Rəhimə əsəbiləşdim. Ona görə onu Toni ilə əvəzlədim.

 

Elçin Əlixan

Xəbər xətti