"Məncə, həmin epizodda Todor qapıya zərbə vurmurdu, asma etmək istəyirdi" - MÜSAHİBƏ

17:17 - 1 Fevral 2023

"Turan Tovuz"un qapıçısı Tərlan Əhmədli Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt"la görüşdə məğlub oldunuz. Səncə, nəyə görə uduzdunuz?
- Əslində, pis oynamadıq. "Sumqayıt"a 90 dəqiqə təzyiq göstərdik. Qol imkanlarımız da var idi. Onları dəyərləndirə bilsəydik, 
bu gün başqa suallara cavab verərdim. Yaxşı oyunlar da olur, amma nəticə olmayanda həmin yaxşı epizodlar da, pərdəarxasında qalır. Müdafiə və hücumda daha diqqətli olmalıyıq. Boşluqları aradan qaldırmağa çalışacağıq. Azarkeşlərimizə görə üzülürük.

- İki aşkar fərdi səhvdən sonra qol buraxdınız...
- Doğrudur, fərdi səhvlərdən sonra qollar buraxdıq. Həmin səhvlər olmasaydı, bəlkə qələbə qazanardıq. "Sumqayıt"a qarşı oynadığımız oyunu analiz edərək dərs çıxarmalıyıq.

- "Turan Tovuz" yorğun görünürdü. Bir tur əvvəl "Qarabağ"la oyunda çox güc sərf etmişdiniz?
- Yorğun olduğumuzu düşünmürəm. Daha çox qol epizodu bizdə idi. Sadəcə dəyərləndirə bilmədik. Hər halda, yorğun olsaydıq, o qədər şansı yarada bilməzdik.

- Komandanız hazırda 6-cı pillədədir. Premyer Liqada birinci və ikinci beşlik yaranıb. Səncə, ilk beşlikdəki komandalarla aşağı beşlikdə komandalar arasında bu qədər xal fərqinin yaranması nədən irəli gəlir?
-
İlk beşlikdə qərarlaşan komandaların heyəti daha genişdir. Bir oyunçu zədələndə, kimsə cəzalı olanda əvəzləyəcək futbolçu tapılır. Bizdə heyət elə də geniş deyil. Məncə, bunun böyük önəmi var.

- "Sumqayıt"ın vurduğu qol zamanı nə baş verdi? Hansı məqamda səhvə yol verdiyini düşünürsən? 
-
Kuryoz qol idi. Məncə, həmin epizodda Todor Todoroski özü də qapıya zərbə vurmurdu, asma etmək istəyirdi. Sadəcə olaraq, top qapıya doğru getdi. Həmin anda komandaya kömək edə bilmədiyimə görə üzülürəm. Futbol səhvsiz olmur. Gələcək matçlarda bu cür səhvlərə yol vermərəm, komandam üçün əlimdən gələn köməkliyi göstərərəm.

- Növbəti turda "Şamaxı"nı məğlub etmək mümkün olacaq?
-
Çalışacağıq ki, xallar qazanaq. Bu oyunun əhəmiyyətini anlayırıq. Bir qələbə qazansaq, ardı gələcək. Ancaq səfərdə bizi çox ağır oyun gözləyir. 

- Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra digər yerli qolkiperlərin milliyə dəvət edilmək şansı yaranıb. Əsasən Səlahət Ağayev və Emil Balayev namizəd göstərilir. Sən özün necə, milliyə dəvət olunacağına inanırsan? 
- Allah Şahruddin Məhəmmədəliyevə tezliklə şəfa versin və tezliklə məşqlərə qayıtsın. Milli komandaya gəlincə, təbii ki, hamı yığmada oynamaq istəyir. Allah qoysa, mənə də Azərbaycan millisində oynamaq qismət olar. 

Mirbağırağa

Xəbər xətti