"Zirə" Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Səbail"ə 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi təbrik edirəm. Çox yaxşı mübarizə apardılar, çox istəkli idilər. Biz oyuna passiv başladıq. Çoxlu top itkilərinə yol verdik. Qol buraxdıqdan sonra canlandıq. Nəzarət bizdə idi. Amma ikinci qoldan sonra demək olar ki, oyunun nəticəsi bəlli idi. Komandada belə şey formalaşıb ki, qol buraxandan sonra aktivləşir. Bu, həmişə effekt verməyə bilər. 2:0-dan sonra oyunu dəyişmək çox çətin idi. Nəticə çıxarmaq lazımdır. Daha aktiv başlamalıyıq.
- Bu gün pis oynayıb məğlub oldunuz?
- Bərabər səviyyəli oyun gedirdi. Bu, mənə kifayət etmirdi. Bu gün yaxşı oynadıq deyə bilmərəm. Daha üstün, dominant oynamağa çalışdıq. Rəqib buna imkan vermədi. "Səbail"ə imkan verdik ki, pressinqi effektiv olsun. Top itkilərimiz oldu. Komandadan daha yaxşı oyun gözləyirdim.
- Şahin Diniyevin futbolçusu olmusuz. Baş məşqçi kimi ilk dəfə üz-üzə gəldiniz. Şahin Diniyevi yaxşı analiz edə bilmədiniz?
- Fərqli "Səbail" var idi qarşımızıda. Əvvəlkilərlə inidiki oyun arasında fərq çox idi. Bilirdim ki, qarşımızda fərqli komanda olacaq, rəqib bizimlə oyuna xüsusi motivasiya ilə çıxacaq. Bilirdim ki, rəqibdə boşluqlar olmayacaq. Şahin müəllim oyuna yaxşı hazırlamışdı komandanı. Gedişat pis olanda da, komandasını oyuna yaxşı hazırlaya bilir. Səhv etmirəmsə, "Səbail"ə ilk məğlubiyyətimizdir. Qalib gəlmək istəyirdik. "Neftçi" də "Qəbələ" ilə heç-heçə etmişdi. Şansımız var idi ki, üçüncü yerə yaxınlaşaq. Təəssüf ki, bunu qaçırdıq.
- Sosial şəbəkələrdə nəticələrinizə görə narazılıqlar var. Təzyiqə davam gətirəcəksiz?
- Mən eşitməmişəm tənqidləri. Sosial şəbəkələri oxumağa vaxt olmur. "Neftçi" və "Qəbələ"yə qarşı yaxşı oynadıq. Futbolu bilən insanlar müsbət fikirlər səsləndirdi. Bu gün həmin komandanı görə bilmədik. Süni meydanda oynayırdıq, rəqib sonuncu pillədə idi. Bu cür rəqiblərlə oynamaq çətindir. Çünki, ölümünə oynayırlar. "Səbail" də belədir. Yolumuza davam edirik. Narazı qalacaq bir şey yoxdur. Potensial olaraq layiqli yerimizdəyik. "Neftçi", "Sabah" bütün komandalardan fərqlənirlər. Dördüncü yer bizim üçün pis nəticə deyil.
- Hədəf dördüncü yerdə qalmaqdır?
- Üçüncülük uğrunda mübarizə aparmaqdır. Hədəf çox ola bilər, amma gedişatdan çox şey asılıdır. Çox çətin qələbələr qazanırıq. İmkanlarımız çox olur, fərqlənə bilmirik. Qapımızdan isə kobud şəkildə qollar buraxırıq. Görməmişəm ki, pis oynayıb qalib gələk. Hər oyun da yaxşı oynamaq alınmır. Çox hadisələr baş verir oyunlarımızda. Amma səbr etməliyik. İşləmək lazımdır.
- Mərkəz müdafiəçisi sıxıntınız var?
- Təbii ki, sıxıntılar var. Bu günün yox, uzun müddətin problemidir. Axtarıram. Tapmışdım, amma gətirə bilmədim. O mövqeyi gücləndirməliyik.
- Eldar Quliyevin transferi barədə fikriniz necədir?
- Eldarı bir ilə yaxındır komandamda görmək istəyirdim. Bu transfer dönəmində razılaşdıq. Proses uzun çəkdi. Danışıqlar erkən bitsəydi, oyunlarda artıq iştirak edərdi. Bir-iki gündür ki, komandaya qoşulub. Gəncdir. Amma risk edə bilmərik. Son rəsmi oyununu noyabrda oynayıb. Müəyyən fərdi məşqlər edir. Formaya salmağa çalışacağıq. Vladislav Kulaçın zədələnməsi məyusedicidir. Həmin futbolçular da komandaya qatılandan sonra keyfiyyətmiz artacaq.
- Mayda müqavilənizin müddətini uzadacaqsız?
- Həm bu günə, həm gələcəyə yönəlik transferlər edirik. "Zirə"də qalacam, ya yox, fərqi yoxdur. Burada olduğum vaxtda işimi layiqincə yerinə yetirirəm. Maya qədər vaxtımız var. Onda vəziyyəti təhlil edib qərar qəbul edəcəyik.
Mirbağırağa