"Səbail" Azərbaycan Premyer Liqasının 22-ci turunda doğma meydanda "Zirə"ni 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- Türkiyədə baş vermiş hadisəyə görə klub adından öz adımdan başsağlığı verirəm. Allah ölənlərə rəhmət etsin. Böyük acıdır. Şəxsən özüm türk televiziyalarına baxıram, dağıntıların altından hər uşaq çıxanda sevinirəm. Futbol ikinci dərəcəyə çevrilib. Oyun istədiyimiz ssenaridə getdi. "Zirə" bu gün ən yaxşı futbol oynayan üç komandadan biridir. Onlar nə etdiyini bilirlər. Bizim üçün çox çətin idi. Bizə zaman olduğunu demişdim. Hələlik başlanğıcdır. Çatışmayan cəhətlərimiz var. Layiqli qələbə qazandıq. Sona qədər mübarizə apardıq. Hər bir futbolçu oyun intizamına əməl etdi. Mübarizə aparanda nəticə gələcək. Bu matçda bizə xallar lazım idi. Düşdüyümüz yer bizi sıxır. Sakitləşmək olmaz. Ümid edirəm ki, gələcək oyunlar daha yaxşı olacaq.
- Növbəti tur "Neftçi" ilə qarşılaşacaqsız. Çempionatın qrafiki sizi narahat etmir?
- Onsuz da oynamalıyıq. "Sabah"la matçda fərdi səhvlərdən qollar buraxdıq. İkinci hissədə göstərdiyimiz oyun ümid verdi. Komanda artırmalıdır. "Qarabağ", "Sabah" Zirə" ən yaxşı futbol oynayan komandalardır. "Neftçi" pik formasına çatmayıb. Asan olmayacaq. Uğurlu nəticə üçün meydana çıxacağıq. Hər oyun bizim üçün finaldır. Rahatlaşmağa, dayanmağa vaxtımız yoxdur.
- "Səbail" ilk dəfə "Zirə"ni məğlub etdi. Bu, sizin üçün önəm kəsb edirdi?
- Əhəmiyyəti yoxdur. Hansı komanda ilə oynasan, üç xal verəcəklər. Rəşad yaxşı işlər görür. Onlar istədiklərini həyata keçirə bilmədilər. Burada futbolçularımın əməyi var. Prinsipiallığımız yoxdur heç kimlə.
- "Zirə"ni necə incələdiz?
- Yaxşı olanda deyirik yaxşı analiz etmişik. Pis olanda demirik pis analiz etmişdik. Bu gün Rəşadı yox, "Zirə"ni təhlil etmişdik. O, komandanın oyun üslubunu verən insandır. Çantakias "Zirə"də böyük işlər görür. Onun olmaması da bizim üçün üstünlük idi. Hamidu Keytanı bağlamaq çox çətin idi, amma bacardıq. Rəhim Sadıqovun topu qəbul etməməsinə çalışırdıq, etdik. Futbol kiçik detallardan ibarətdir. Deməzdim ki, analizi çox yaxşı etdik. Alınmaya da bilərdi. Rəşad yaxşı baş məşqçidir, öz oyun üslubu, futbola baxışı var. Məncə, böyük nəticələri qarşıdadır.
- Klub rəsmiləriniz hakimi söyürdü. Bu barədə fikriniz necədir?
- Futbol emosiyalar oyunudur. Hər birimiz bəzən özümüzü itiririk.
- İki ev matçından yüz faizli nəticə ilə ayrıldız. Evdəki və səfərdəki "Səbail" arasında hansı fərq var?
- Səfərdə elə də təzyiq altında oynamırıq. Hər oyunda artım var. Çox şeyləri demək istəmirik. Bu gün çox qaçdıq. Səfərdə və ya evdə oynamağımızdan asılı olmayaraq oyundan-oyuna artırırıq.
- "Səbail" artıq 8-ci pillədəyə yüksəldi. Bu, sizə motivasiyadır?
- Sonuncu pillədə ola-ola oyuna çıxmaq çətindir. Transfer etmək də asan deyil. Zərgər dəqiqliyi ilə transfer etməliyik. Üç oyunda bir dəfə rəhbərlik deməyib ki, pis oynadız. Onlar hər şeyi anlayır, bilirlər ki, zamana ehtiyac var. Xallar yaxındır, hər bir oyun sonuncudur. Hələ çox çalışmalıyıq. Bu, o demək deyil ki, artıq son pillələrdən çıxdıq. Rəqiblərdən aralanmaq çox çətindir.
Mirbağırağa
saytlarin hazirlanmasi