"Çox gərgin oyun oldu. Gəncədə "Kəpəz"ə qarşı oyunlar həmişə belədir. Xüsusi maneələrdən biri də meydançanın durumu idi. Çox baxımlı futbolun şahidi ola bilmədik. Birinci hissədə hər iki komandanın hücumları yaranmışdı. Kobud səhvdən qapımızda qol gördük. Dəyişikliklərdən sonra uğuru rəqib qapısında axtarmağa çalışdıq. Sonda yaxşı kombinasiyalı hücumdan sonra penalti qazandıq. Qələbə də qazana bilərdik. Ancaq matçın ədalətli nəticəsi bərabərlik idi".
Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 26-cı turunun "Kəpəz"lə (1:1) matçından sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Fasilədə 3 dəyişiklik etməyiniz nə ilə bağlı idi?
- Nəticəyə görə belə etdik. Buna görə hücumameyilli futbolçulara üstünlük verdik. Meydançanın durumuna görə bilirdik ki, bu gün uzun ötürmələrdən istifadə edəcəyik. Dəyişikliklərdən sonra oyuna canlanma gəldi. Hesab edirəm ki, bu gün bir xal qazandıq. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar.
- Klub rəhbərliyinin nəticələrə münasibəti necədir?
- Azərbaycanda hamı nəticəyə görə qiymət verir. Təbii ki, nəticə önəmlidir. Amma yalnız bunu düşünmürəm. Son 8 matçdan ikisi-üçünü çıxmaq şərtilə, çox yaxşı oynamışıq. Daha çox xal yığa bilərdik.
- Matçın sonunda azarkeşlə aranızda gərginlik yaşandı. Orada nə baş vermişdi?
- Mən azarkeşlə şəkil çəkdirirdim. Kimsə etirazını bildirdi. Yaxınlaşıb soruşdum ki, nə baş verib?
- Gəncəyə ilk dəfə məşqçi kimi gəldiniz. Hansı hissləri keçirdiniz?
- Gəncə və Tovuz çətin səfər oyunlarıdır. Eyni hissləri keçirdim. Gəncəyə futbolun qayıtması sevindiricidir. Legionerlərə də bildirmişdim ki, bura futbol şəhəridir, burada hamı futboldan anlayır. "Kəpəz" çox gözəl futbol oynayır. Etdiklərinə heyran qaldım.
- Ötən mövsüm daha çox yerli futbolçulara şans verirdiz. Bu il isə əksinədir. Səbəbi nədir?
- Keçən ilkindən daha yaxşı oynadığımızı düşünürəm. Yaxın günlərdə nəticələri görəcəyik. Elə şeylər var ki, onları etmək vaxt tələb edir. Mənim üçün yerli, legioner fərqi yoxdur. Sağlam rəqabət gedir. Kim daha layiqli olacaqsa, o da oynayacaq.
- Dediz ki, mənim üçün yerli, legioner fərqi yoxdur. Belə olan halda Canni de Byazi, Samir Əliyev milliyə kimləri çağırmalıdır?
- Təbii ki, nə qədər yerli futbolçu oynasa, məşqçilər üçün o qədər yaxşı olar. Dəfələrlə olub ki, "Zirə"dən milliyə futbolçu çağırılmayıb. Mən millinin heç bir futbolçusunu saxlamıram. Çalışıram ki, Azərbaycan futboluna yeni oyunçular qazandırım.
Elçin Əlixan
saytlarin hazirlanmasi