Uşaq futbolu tez-tez idman ictimaiyyətinin müzakirə mövzusuna çevrilir. Çünki ölkədə futbolun inkişaf səviyyəsinin ildən-ilə aşağı düşməsi bu sahədəki problemlərdən, çatışmazlıqlardan qaynaqlanır. İnkişafa mane olan səbəbləri isə ən yaxşı uşaqlarla çalışan məşqçilər bilər. Sportal.az bununla bağlı "Xəzər Bakı" klubunun C kateqoriyalı məşqçisi, Seyran Əbilovla söhbətləşib.
- Öncə özünüz barədə məlumat verərdiz. Neçə ildir ki, məşqçi kimi fəaliyyət göstərirsiz?
- Müəyyən səbəblərə görə futbolu yarımçıq buraxmaq məcburiyyətində qalanlardan biri də mənəm. Bir neçə il fitness instruktoru kimi fəaliyyət göstərmişəm. Beş-altı ildir ki, futbolda məşqçi kimi işləyirəm. 2020-ci ildə isə "Xəzər Bakı"nın prezidenti Novruz müəllim mənə dəvət göndərdi. Digər klublarda fəaliyyətimizi gorüb, bəyənmişdilər. Təklif gəldi, qəbul etdim. Az müddətə kiçik də olsa, nəticə göstərdik.
- "Xəzər Bakı"da işləriniz necə gedir? Bu mövsüm sizin üçün necə keçdi?
- İşlər plan üzrə gedir. Bu mövsüm bizim üçün tanışlıq xarakterli idi. Təcrübə toplamaq məqsədindəydik. Klub yenidi, çempionata yeni qoşulmuşuq, uşaqlar da yenidir. Bəziləri futbolla məşğul olub, bəziləri isə yeni başlayıblar. Onların adaptasiyası, bri-birilərini başa düşməsi zaman alır. Böyük nəticə də gözləmirdik. Amma az da olsa, buna nail ola bildik ki. Uşaqlar öz mövqeyini hiss etdilər. İlk oyunlarda müəyyən çətinliklər yaşasaq da, növbəti görüşlərdə uşaqlar daha sərbəst oynadılar. Bu mövsüm üçün bunlar kifayətdir. Növbəti mövsümlərdə daha gözəl oyun sərgiləyəcəyimizə ümid edirik.
- Bildiyim qədərilə iki fərqli yaş qrupunda təmsil olunursuz. Planda daha çox fərqli yaş qrupunda fəaliyyət göstərmək var?
- U-9 və U-11 liqalarında komandamız var. Bizim komandanın uşaqları özlərindən 1-2, hətta 3-4 yaş böyüklərlə oynayırlar. Bizim uşaqlar çox kiçirdir. Buna baxmayaraq, yaxşı mübarizə aparırlar və bəzi oyunlarda yaxşı nəticə göstərirlər. Bu da bizə stimul verir. Yeni mövsümdən fərqli yaş qruplarının liqalarına komanda buraxmağımız üçün əsl motivasiyadır. Planda U-8 və U-10 liqasına da qatılmaq var.
- Uşaq futbolunun durumu ürəkaçan deyil. Sırf olaraq, sizin bu barədə fikriniz necədir? Əsas problemlər hansılardır?
- Həqiqətən də Azərbaycanda uşaq futbolunun vəziyyəti ürəkaçan deyil. Bunu, bir neçə problemin kompleksli şəkildə göstərdiyi təsirlə əlaqələndirərdim. Maliyyə problemi var. Müəyyən klublar məşq saatını kifayət qədər götürə bilsələr də, başqa klublar bunu edə bilmirlər. Bəzi klubların maliyyəsi zəifdir, bəzilərinin isə ümumiyyətlə maliyyəsi yoxdur. Kifayət qədər məşq etməyən klublar çox zəif inkişaf edirlər. Hətta inkişafdan qalırlar. Amma məşq saatları çox olan komandalar müəyyən yerə qədər inkişaf edir. Çünki rəqabət yoxdur. Rəqabət olmayan yerdə yüksəklərə qalxmaq çətinləşir. Klublar istedadlı, yaxşı oynayan uşaqları cəlb edirlər, kənardan qalan daha zəif oyunçular isə gözdən itir. Yaxşı olardı ki, onlar üçün ayrıca liqa yaransın və onlar da oynasın. Uşaq var ki, daha tez özünü göstərir, uşaq da var müəyyən inkişaf mərhələsindən parlamağa başlayır. Həmin uşaq ilkin mərhələdə olan futbolçudan da güclənə bilər. Avropadan bu təcrübəni götürsək, daha yaxşıdır. Mən sadəcə iki problemi dedim. Əslində, daha çoxdur. Məşqçi amili də burada böyük rol oynayır. Bu da üçüncü problem. Məşqçilərin düzgün məşq keçməməsi, onlara doğru yanaşmaması, uşaq psixologiyasından xəbərdar olmamaları da uşaq futboluna mənfi təsir göstərir.
- Ölkə xaricində turnirlərdə iştirak etmək fikriniz var, yoxsa, bunun üçün yüksək maliyyəyə ehtiyac var?
- Təbii ki, hər klub kimi, biz də istəyərik xaricdə turnirlərdə iştirak edək. Məlum məsələdir ki, bunun üçün yaxşı maliyyə lazımdır. Ancaq indiki durumda maliyyəmiz olsa belə, xarici turnirlərdə iştirak etməyə tələsmərəm. Yəni hələ buna hazır deyilik. Biz Azərbaycanda özümüzü yaxşı tərəfdən göstərməliyik, daha sonra xarici turnirlər haqda düşünə bilərik. Hələ ki, ilk və yeganə iştirak etdiyimiz turnir AFFA-nın təşkil etdiyi çempionatdır. Oyunlarımız da Hövsanda İdman Kompleksində keçirilir. Həmin turnirdə maksimum dərəcədə təcrübə toplamağa çalışırıq.
- Uşaqlarla işləməyin asan olmadığını bilirik. Siz bu barədə çox səbirlisiz? Uşaqları neçə il ərzində qavramaqlarına neçə il lazım gəlir?
- Bəli, çox çətindir. Buna qədər "Sabah"ın əvəzedici heyətində çalışmışam. Böyüklərlə işləməklə uşaqlarla işləməyin arasında nə qədər fərq olduğunu yaxşı bilirəm. Böyüklərə bir işarə də bəsdir, uşaqlara hər xırda detalı izah etmək məcburiyyətində qalırsan. Əsas və ən böyük problem odur ki, istədiyin məşqi hər uşağa verə bilmirsən. Sonda beynində olan məşq planlarının üstündən xətt çəkmək məcburiyyətində qalırsan. Sırf onlara uyğun, onların bacara biləcəyi məşq planını qurmağa məcbur olursan. Yoxsa, məşqin effekti aşağı düşür. Uşaqların qavramalarına konkret nə qədər vaxt lazım olduğunu demək çətindir. Çünki fərdi məsələdir. Orta hesabla iki il ərzində uşaqlar müəyyən səviyyəyə gəlib çıxa bilərlər.
- Hazırda iki yaş qrupu daxil olmaqla gələcəyinə böyük perspektiv vəd edən, futbol akademiyaları istəyən uşaqlarınız var?
- Bəli, hər iki yaş qrupunda perspektivli, gələcəyinə ümidlə baxacağımız uşaqlar var. Bu da çox sevindirici haldır. U-9 komandamızdan Hüseyn Ağahüseynovu qeyd edə bilərəm. Çox perspektivli uşaqdır. Öz üzərində işləsə, böyük uğurlar əldə bilər. U-11 komandamızdan Eldar Həsənovun da adını çəkərdim. O da Hüseyn kimi, bizi sevindirir. Ona həqiqətən ümidlərimiz böyükdür.
- İki illik fəaliyyətiniz dövründə hansı uğurlarınız olub?
- "Xəzər Bakı"dan müəyyən oyunçuları AFFA-nın elit-məşqlərinə dəvət ediblər. Mütəmadi olaraq orada məşq edirlər. Bunu "Xəzər Bakı"nın adına uğur sayıram. Çünki onlar nə qədər uşağın arasında fərqlənib, gözə giriblər. Yəni, məşqçinin zəhməti yerdə qalmır. Bu da bizi çox sevindirir.
- Yəqin ki, klubun müəyyən hədəfi və inkişaf planları var. "Xəzər Bakı" hansı müddətə ortaya faydalı iş, nəticə qoya bilər?
- "Xəzər Bakı"nın özünəməxsus mövqeyi və məqsədləri var. İlk növbədə uşaqlara futbol bayramı yaşatmaq, onları əyləndirmək və sevindirmək istəyirik. İkinci məqsəd isə, uşaqların idmana cəlb olunması, idman ruhu ilə böyüməsi istiqamətində atacağımız addımlardır. Üçüncüsü isə uşaqların gələcəkdə böyük futbolçu olması üçün təməllərinin qoyulmasıdır. Hələ ki, üç məqsədimiz bunlardır. Gələcəkdə klubun inkişafına görə məqsədlərimiz, planlarımız yenilənəcək, dəyişəcək.
- Ölkə futboluna yaxşı futbolçular qazandırmaq üçün nəyə ehtiyac var?
- Futbola düzgün baxış, düzgün yanaşmaya. Bir də fərdi yanaşma olmalıdır. Çünki uşaqlara ümumi yanaşsaq, bir çoxlarında futbolçu olmaq şansı bir azala bilər. Amma fərdi yanaşsaq, bu, daha çox futbolçunun inkişafına yol açar. Demək ki, bir klub ölkə futboluna daha çox futbolçu qazandıra bilər. Bunlar önəmli məqamlardır.
- Bəzən məşqçilər valideynlərin onların işinə mane olmasından gileylənirlər. Sizdə vəziyyət necədir? Ümumiyyətlə, sizcə valideyn-məşqçi əməkdaşlığı necə qurulmalıdır?
- Əslində, valideynin uşağa, məşqçiyə, məşq prosesinə mane olması yolverilməzdir. Bu həqiqətən mənfi haldır. Sevindirici haldır ki, bizim valideynlər mədəni, mərifətli insanlardır. Onlar çox gözəl başa düşürlər ki, məşqçinin işinə, məşq prosesinə maneçilik törətmək olmaz. Övladları üçün çalışırlar, onlara hər cür şərait yaradırlar ki, heç nədən geri qalmasınlar, inkişaf etsinlər. Biz öz klubumuzun uşaqlarının valideynləri ilə fəxr edirik.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XVI
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi