"Birinci və ikinci hissənin əvvəlində buraxdığımız qollar psixoloji cəhətdən mənfi təsir göstərdi"

23:00 - 1 May 2023

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 32-ci turunun "Turan Tovuz"la(1:3) oyunundan sonra mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, Sadıqov jurnalistlərin suallarını cavablandırıb. 

"Oyunu şərh etmək çox çətindir. Biz qələbəyə köklənmişdik. İstəyirdik ki, qələbə qazanaq. İlk dəqiqələrdən oyun bizim üçün tərs başladı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Çoxsaylı hücumlar etdik, ilk yarını böyük üstünlüklə oynadıq. Təəssüflər olsun ki, bunu nəticəyə yansıda bilmədik. Birinci hissədə oyun gərginləşdi. Fasilədə də futbolçular çox gərgin idi. Maksimum çalışırdıq ki, onları sakitləşdirək və ikinci hissəyə kökləyək. Fasilədən sonra da eyni oldu. Sayılmayan qollar, sonradan hesab 0:3-ə qədər yüksəldi. Nəticə başqa cür də ola bilərdi. Rəqib bu gün dörd standart vəziyyətdən qol vurdu. Biri də sayılmadı. Rəqib nə vurdusa, qol oldu. Bilmirəm, komandanın qədəridir, yoxsa mənim. Amma bu il belədir. Çox çalışırıq, cəhd edirik. Bu il çox şanssızlıqlar yaşayırıq. Oyundan əvvəl meydana buraxmağa cinah müdafiəçisi tapa bilmirdik. 

- Bu gün "Turan Tovuz" həqiqətən çox yaxşı oynadı?

Mən vurduğumuz qolun sayılmamağını başa düşmədim. Xəttə baxdım, diaqonal qoymuşdular. Açıqlaması olsa, çox yaxşı idi. Epizod bizim qapımızda olsaydı, qol qeydə alınacaqdı. Birinci və ikinci penalti epizodunda da hakim VAR-a çağırılmayacaqdı. Orada 8 dəqiqə pauza getdi. Penaltini vuracaq oyunçu 8 dəqiqə gözləyir. Nə bilim. "Neftçi" ilə kubok matçında da Hamidu Keyta 8 dəqiqə top əlində sağa-sola gəzdi, sonra qol olmadı. VAR üçün 6-8 dəqiqə? Qolu da niyə saymadılar, başa düşmədim. Təkrara dərhal baxdım, mənə qol kimi gəldi. Xətti qoymamışdılar. Sonradan xətti qoymuşdular, nəysə....

- Son üç oyunda standart vəziyyətdən qol buraxmağınız nə ilə əlaqədardır?

Çox maraqlı faktı qeyd etdiz. Oyun gedə-gedə də onu fikirləşirdim. Bəzən meydana daha hücumameyilli oyunçularla çıxırsan və standart vəziyyətlərdə onlar daha zəif olur. Bu gün də həmin amil rol oynadı. Standart vəziyyətdə 1-2 nəfərdən başqa, yaxşı mübarizə apara biləcək oyunçularımız yox idi. Bu qədər də yox. Dörd standart vəziyyətin dördü də qolla nəticələnməsi, bir oyun üçün çoxdur.

- Hamidu Keytanın penaltini qaçırması oyunun qırılma anı idi?

Daha çox qolun sayılmaması qırılma nöqtəsi oldu. Qeydə alınmayan ikinci qolu da nəzərə almaq lazımdır. Elə çıxır ki, VAR nəsə deməsəydi, Rauf Cabbarov qolu qeydə alacaqdı. Gözlə deyir, futbolçularımız da dayanır. "Turan Tovuz" oyunçuları da başlayır və qol vurur. Üç-beş dəqiqə onunla, bununla mübahisə etdik. Belə futbol, nə bilim vallah. Belə şeylər oyunu çox sındırır. Uduzmuşuq deyə, bunun üzərində  dayanmaq istəmirəm. Məğlubiyyəti qəbullanıram və rəqibi təbrik edirəm. Meydanda yaxşı mübarizə apardılar. Biz daha aktiv oynamalıydıq. Birinci və ikinci hissənin əvvəlində buraxdığımız qollar psixoloji cəhətdən mənfi təsir göstərdi.

- Mohammad Hamdauinin vəziyyəti necədir?

Zədəlidir. Məşqləri bərpa etmişdi, komanda ilə məşqdə zədəsini yenilədi. Yəqin ki, mövsümü bağlayıb. Hazır olmasa, risk etməyəcəyik.

- "Azərsun Arena"da "Qarabağ"la 2:2, evdə "Turan Tovuz"a 1:3 uduzduz. Problem zədəli, cəzalı oyunçulardadır?

Xeyr. İkinci hissənin əvvəlində oyun planında ciddi problemlər yaşadıq. İlk yarını əla keçirdik, çox sürətli, aktiv, dominant oynayırdıq. İkinci yarıya passiv başladıq. Bu da neçənci dəfədir ki, baş verir. "Şamaxı" ilə matçda da belə olmuşdu. Bizə qarşı həssas qərarlar çox olur, daha dominant oynamalıyıq. Rəqibi qapımıza buraxmamalıyıq. İkinci yarı daha yaxşı oynamalıydıq.

- Bu mövsüm yaşadıqlarınız sizi nəyə məcbur edir?

Deməyə məcbur edir ki, mən bu sözü istifadə etməyi xoşlamıram, amma çox şanssızlıq yaşayırıq. Demirəm ki, biz kimdənsə, daha yaxşıyıq. "Qəbələ" ilə rəqabət aparırıq. Elmar Baxşıyevin gördüyü işləri yüksək qiymətləndirirəm. O qədər qırılma nöqtəsi oldu ki, heç biri bizim xeyrimizə deyildi.

Mirbağırağa

Xəbər xətti