"Zirə" Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Nəticə və oyun bizi sevindirir. Futbolçulardan razı qadım. İlk dəqiqlərdə həyəcan var idi. Dəqiqələr keçdikcə oyun tam nəzarətimizdə oldu. Çox önəmli qələbə qazandıq.
- Çempionatdakı durumunuz sanki rahatdır. Bu, oyununuza təsir göstərdi?
- Əvvəlki oyunlarla müqayisədə uşaq səhvlərinə yol vermədik. Buna görə də nəticə yaxşı oldu. Şamaxı və Qəbələdə nəfəs almaq çətindir. Bu gün komandanın verdiyi reaksiya məni razı saldı. Çətin səfərdə qələbə qazandıq.
- Rəhim Sadıqov yorğun görünürdü...
- İlk hissəni çox yaxşı keçirdi. İlk yarının sonlarına yaxın yorğunluq hiss olunurdu. "Turan Tovuz"la matçda 90 dəqiqə oynamışdı. 5 günlük istərahətdən sonra bir az yorğunluq qalmışdı.
- Sona 3 tur qalıb. Konfrans Liqası şansını necə dəyərləndirirsiz?
- Təbii ki, "Qəbələ" daha şanslıdır. Bu, "Turan Tovuz"la oyuna kimi də belə idi. Amma son məğlubityyət vəziyyətimizi çətinləşdirdi. Hər oyunda məsuliyyətli olmalıyıq. Problemləri bilirik. Onları aradan qaldırdıqdan sonra müsbət nəticələr əldə edə bilərik.
- "Turan Tovuz"la matçla bugünkü oyun arasında hansı fərqlər var idi?
- Eyni oyun idi. Matçın təhlilinə baxmışam. Orada standart vəziyyətlər belimizi qırdı. Xırda detallar var ki, nəticəyə təsir edir. Həmin məqamlarda boşluqlar verdik. Yeganə fərq o idi ki, bu gün müdafiə olunarkən futbolçular daha diqqətli idilər. Başqa fərq görmürəm. Həmin görüşdə işlər bizim istədiymiz kimi getmədi.
- Müqaviləsi başa çatan oyunçularla danışıqlara başlamısız?
- Bütün fikrimizi qarşıdakı oyunlara yönləndirmişik. Paralel olaraq da futbolçuları gözdən keçiririk. Amma konkret olaraq kimin gedəcəyi, kimin gələcəyi dəqiq deyil.
- Sizin də müqaviləniz bitir. Postunuzda qalacaqsız?
- Həftəiçi rəhbərliklə görüşümüz oldu. Müqavilənin uzadılmağı ilə bağlı yanvarda görüş keçirmişdik. Həmin vaxt özüm istəmişdim ki, bunu yayda danışaq. İndi belə qərar qəbul etdik ki, əməkdaşlığımıza davam edək və daha da keyfiyyətli komanda formalaşdıraq. Mən də istəyirəm ki, Konfrans Liqasına gedək. Bu il Konfrans Liqası şansını kubokun 1/4 finalında əldən vermişdik. Gələn il daha güclü "Zirə" olması üçün əlimizdən gələni edəcəyik.
- Müqaviləniz uzunmüddətli olacaq?
- Müddəti danışmadıq. Bizim münasibətimiz elədir ki, müqavilə formal bir şeydir. Əgər getməliyəmsə, 5 illik sözləşmə osla da, gedəcəm.
- "Zirə"nin üzərinə çox gəlirlər. Amma komandanın heç normal infrastrukturu yoxdur. Bu məsələ ilə bağlı rəhbərliklə müzakirələriniz olub?
- Təbii ki. İlk gəldiyim gündən müzakirələrimiz gedir. Rəhbərlik də istəyir. Amma Bakı komandası üçün çətindir. Yer tapmaq və s... Bugünkü şəraitimiz də pis deyil. Bu, səbəb deyil. "Qəbələ" ilə aşağı-yuxarı eyni şəraitdə hazırlaşırıq. Onlar da Bakıda məşq edirlər. Həlledici məqam kobud səhvlərdən buraxdığımız qollar və dəyərləndirmədiyimiz epizodlar oldu. Səhv yolda olduğumuzu düşünmürəm. Bu oyunumuzu bir az da artırsaq, nəticələr də yaxşı olacaq. Bizdə oyuna baxmırlar. Oyun bitən kimi tabloya baxırlar. Bu gün futbol camiəmiz belədir. Çox şeylərə fikir verməməyə çalışıram. Ən böyük tənqidçim özüməm. Hər şeyi götür-qoy edirəm.
- Hakimlərin bu mövsüm "Zirə"yə mane olduqlarını düşünmək olar?
- Həddən çox deməzdim. Düzdür, bəzi oyunlarda olub. Mane olduqlarını düşünmürəm. Sadəcə hakimlər imkan vermir ki, oyun getsin. 16 dəqiqə matç dayanır. Dayanmaq udan komandaya sərf edir. VAR-da pauzalar çox olur. Buna bir çözüm tapmaq lazımdır ki, oyunun tempi düşməsin. Bu il bizim nəticələr sırf hakimliklə bağlı deyil.
Elçin Əlixan
saytlarin hazirlanmasi