"Növbəti ildən bu səhvləri təkrarlamamağa çalışacağıq" - MÜSAHİBƏ

12:59 - 7 May 2023

"Zirə"nin yarımmüdafiəçisi Hamidu Keyta Sportal.az saytına müsahibə verib.

- "Şamaxı" ilə görüşdə qalib gəlməyi bacardınız. Matçla bağlı nə deyəcəksən?

- Oyun yaxşı alındı. Çünki yaxşı komandaya qarşı mübarizə apardıq. Qarşımızda xüsusilə də, müdafiə planında yaxşı təşkilatlanmış kollektiv var idi. Amma qol vurmağın yollarını tapdıq. Qələbəyə layiq tərəf biz idik.

- Son oyunlardakı qeyri-sabitliyi nə ilə izah edərdin?

- Bəli, builki problemlərimizdən biri də komandanın qeyri-stabil çıxış etməsi idi. Ümidvaram ki, növbəti sezonda bu problemi aradan qaldıracağıq. Çünki bizim keyfiyyətli futbolçularımız var və biz üçlüyə düşməyə layiq komandayıq.

- Komandanın avrokuboklara düşməmək təhlükəsi var. Şansları necə dəyərləndirirsən?

- Bu, futbolun bir hissəsidir. Ötən mövsüm Konfrans Liqasına vəsiqə qazanmışdıq. Bu il tam əksidir. Bilmirəm, biz bu mövsüm Avropada oynamaq üçün vəsiqə qazana biləcəyik ya, yox. Amma gələcəkdə buna cəhd edəcəyik.

- Avrokuboklara vəsiqə qazana bilməsəniz, mövsümün "Zirə" üçün uğursuz alındığını hesab etmək olar?

- Bəli. Çünki Konfrans Liqasında oynamağa iddialı kollektiv idik. Vəsiqə qazanmadığımız halda, müəyyən dərəcədə uğursuzluq ola bilər. Amma növbəti ildən bu səhvləri təkrarlamamağa çalışacağıq. 

- Öz gələcəyini "Zirə"də necə görürsən?

- Bu barədə heç nə deyə bilmərəm. Çünki qarşıda oyunlar var və həmin matçlara köklənmişəm. Bunu zaman göstərəcək. Hələ ki, gələcəyə fokuslanmamışam.

Mirbağırağa

Xəbər xətti