"Zirə"nin legioneri avrokuboklara vəsiqə qazanmaq şansları haqda: "Ümidimizi itirməmişik" - MÜSAHİBƏ

17:27 - 23 May 2023

"Zirə"nin futbolçusu Andriya Lukoviç Sportal.az saytına müsahibə verib.

- "Zirə" son turda "Sabah"la bərabərə qaldı. Matçla bağlı fikrin necədir? Səncə, komandanız yaxşı oynadı?

- “Sabah”a qarşı yaxşı oynadıq. Biz oyunda diqtə edən tərəf idik. Doğrudur, hansısa dəqiqələrdə “Sabah” da nəzarəti ələ alırdı. Amma daha çox nəzarət edən bizdə olurduq. Matçın real nəticəsi elə heç-heçə idi ki, oyun da belə də bitdi.

- "Sabah" ikinci pilləni özünə təmin edib, "Zirə" isə avrokuboklar uğrunda mübarizə aparır. Bu görüşdə qələbə qazanmağınıza nə mane oldu?

- Avrokuboklara vəsiqə qazanmaq şansımız var. “Qarabağ” və “Sabah” kimi top-klublara qarşı oyunda qalib gəlmək istəyiriksə, qol fürsətlərindən yararlanmalıyıq. "Sabah" güclü komandadır və mövsümün yarısında, bu komandanın meydanında onlardan bir xal qazanmaq yaxşı hadisədir. Lakin hazırkı vəziyyətdə bir xal bizi razı salmır.

- "Qəbələ" "Şamaxı"nı məğlub etsəydi, avrokubok şansınız qalmayacaqdı. Oyunun gedişində həmin görüşün hesabı ilə maraqlanırdınız?\

-  Biz yalnız son turda özümüz haqqında düşünürük. “Sumqayıt”a qalib gəlmək istəyirik. Bütün fikrimiz də bu oyuna yönəlib. Hər şeydən əvvəl özümüzü düşünürük.

- Yəqin ki, "Qəbələ"nin "Şamaxı"nı məğlub etməməsinə sevindiniz? Hər halda, mübarizə son tura qaldı..

- Əslində, biz ümidimizi itirməmişik. Çünki hələ də avrokuboklara yollanmaq şansımız var. Hər şey son turda bilinəcək. Doğrudur, şansımız çox deyil, amma əsas odur ki, var. Necə olacağını hamımız birlikdə görəcəyik.

- "Zirə" növbəti turda "Sumqayıt"la qarşılaşacaq. Səncə, bu görüşdə qələbə qazana biləcəksiz?

- Biz hər oyunda qalib gəlməyə çalışırıq. Növbəti turdakı rəqib “Sumqayıt”dır. Yenə də, qələbə qazanmağa çıxacağıq. Necə alınacağını oyun və zaman göstərəcək.

- Komanda qalib gəlsə də, hər şey həll olunmur. Avrokuboklara yollanmağınız üçün gərək "Qəbələ" "Kəpəz"ə uduzsun. Səncə, bu baş verəcək?

- Daha əvvəl dediyim kimi, öncə biz özümüz qalib gəlməliyik. Sonra isə Qəbələdən bizə sərf edəcək nəticənin xəbərinin gəlməsini gözləyəcəyik.

- “Zirə” avrokuboklara vəsiqə qazana bilməsə, necə olacaq?

-  Düzünü desəm, məqsəd avrokuboklara vəsiqə qazanmaq idi. Amma bu mövsüm bəzi məqamlar fərqli alındı. Mənfi və ya müsbət məqamları deyəcək adam mən deyiləm. Mən futbolçuyam və işimi yerinə yetirirəm.

- Yeni mövsümdə də "Zirə"də oynayacaqsan? Klub sənə yeni müqavilə təklif edib?

- “Zirə” ilə daha bir illik müqaviləm var. Ona görə, mən ancaq hazırkı komandamhaqda düşünürəm. Ümid edirəm ki, uğurlu nəticələr qazanacağıq.

Mirbağırağa

Xəbər xətti