"Zirə" Azərbaycan Premyer Liqasının 4-cü turunda doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.
Sportalı.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz necədir?
- Çox gərgin və emosional oyun oldu. Vacib qələbə qazandıq. Oyunçularıma təşəkkür edirəm. Əzmkarlıq göstərdilər. Artıq "Qəbələ" ilə matçı düşünməliyik. Futbolçularımız çox güc sərf etdilər. Yaxşı bərpa olub, növbəti oyuna hazırlaşmaq lazımdır.
- Ehtiyatda hücumu gücləndirəcək futbolçular azdır. Transfer düşünürsüz?
- Ötən mövsüm açıq-aşkar bununla bağlı problemlərimiz var idi. Heç cürə bunu həll edə bilmirdik. Fikirləşirdim ki, Konfrans Liqasına düşməmək xeyrimizə daha çox olar. Uğurlu startımıza səbəb odur, ya yox bilmirəm. Hazırlaşmaq üçün daha çox vaxtımız oldu.
- Oyunu tamamilə müdafiədən əks-hücuma qurmuşdunuz. Bu, erkən qola görə idi?
- Əslində belə düşünmürdük. Qol vurduqdan sonra başa düşürdüm ki, "Sabah" bütün gücü ilə irəli atılacaq. Bəlkə də, şanssızlıqdan avrokuboklarda davam etmirlər. Hətta qruplara qədər getməyi bacarardılar. Sadəcə penaltilərə görə keçə bilmədilər. "Partizan"la görüşdə şanssızlıq yaşadılar. Bugün rəqibimizin kimliyini yaxşı bilirdik. Əminəm ki, "Sabah" qol vursaydı, oyun tam əksinə gedəcəkdi. Qol vurduq deyə, daha çox əks-hücumlara bel bağladıq. "Sabah"ın heyətində usta futbolçular var.
- Demək olar ki, istədiyiniz oyunu və heyəti tapmısız?
- 14 futbolçu bizdən ayrılıb. Gələn oyunçuların sayı o qədər çox deyil, 5-6 futbolçu ilə gücləndik. Əvvəlki zamanda futbolçuların keyfiyyəti aşağı idi, ya indi yuxarıdı, onunla əlaqələndirmirəm. Uğurlu başlamışıq, bunu davam etdirmək istəyiriksə, daha çox çalışmalıyıq. Rəqiblər də bizə başqa cür yanaşacaqlar.
- Dörd qələbə qazanmısız. Futbolçular eyforiyaya qapılmazki?
- Bu həftəyə qədər onu hiss etməmişdim. Əgər elə olsa, futbolçularla aramda ciddi problem olacaq. Futbolçu vaxtında da, məşqçi kimi də nifrət etdiyim məsələdir. Biz daim ən yaxşısını etməyə çalışmalıyıq. Bu təfəkkürlə komanda inkişaf edə bilər. Söhbət qələbədən getmir. Mental olaraq işimizə doğru yanaşsaq, heç bir problem olmayacaq.
- Bu gün bəxt sizin tərəfinizdə oldu?
- Çantakiasın da, Rüstəmin də 100 faizli qol imkanı var idi. Oyun elə gedirdi ki, hər üç nəticə layiqli olacaqdı.
- Dörd oyundur ki, "Zirə"də aqressiya var. Ötən mövsüm görmədiyimiz məsələdir. Bu, nədən irəli gəlir?
- Uğurlu alınır. Deyim ki, xüsusi nəsə edirik, xeyr. Keçən il işlədiklərimizi görürük. Allahın rüzisidir, çalışacağıq ki, növbəti oyunlarda da belə alınsın.
- Məqsəd İsayev çox aqressivdir. Bunun səbəbi nədir?
- Aqressiv futbolçuları sevirəm. Həddindən artıq görəndə müdaxilə edirəm. Oyunun içində hiss etmədim. Aşırı şəkildə varsa, mütləq müdaxilə etməliyik. Gələn oyunlarda bizə problem yaradar.
Mirbağırağa
saytlarin hazirlanmasi