"Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqanın 5-ci turunun "Qəbələ" ilə matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 22 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
- Komanda yaxşı formadadır. Fasilə yaranması sizin üçün mənfi hal deyil?
- Məncə, yox. Düşünmürük ki, artıq birinci yerdəyik, hər şey bizim üçün yetərlidir, bəsdir, hər şey bizi razı salır, xeyr. Qələbələrdən sonra da məşqə gedirik və başa düşürük ki, yenə də işləməliyik, dayanmamalıyıq. İnkişaf etməyə və daha yaxşı olmağa çalışırıq.
- Çoxları deyir ki, bu mövsüm daha gərgin olacaq. Geridə qalan beş turda bunu hiss etdin?
- Bəli, tam olaraq razıyam. İndi hər tur kim kimlə oynayırsa, bütün matçlar maraqlı gedir, hamı mübarizə aparır. Layiqli, yaxşı oyun göstərir. İndi elə şey yoxdur ki, hansısa komanda digərindən bir qədər güclü olsun. Hər bir komanda digərindən xal ala bilər.
- "Zirə"nin bu mövsümkü əsas məqsədi nədən ibarətdir?
- Tuta biləcəyimiz ən yaxşı yeri tutmaq.
- Yəni avrokubok?
- 100 faiz. Ən yüksək yerlər uğrunda oynayacağıq. Bizim üçün hər matç final olacaq. Meydana çıxıb, yalnız qələbə üçün oynayacağıq.
- Qarşıda Azərbaycan millisini Belçikaya qarşı oyun gözləyir. Millidən hansı nəticəni gözləmək olar?
- Belçika yaxşı komandadır. Ağır olacaq. Amma təbii ki, biz əlimizdən gələni edəcəyik. Nə qədər mümkündürsə, mübarizə aparacağıq.
- Son dəfə 12 il əvvəl Azərbaycan millisi Bakıda Belçika ilə 1:1 oynaya bilmişdi. Səncə bu nəticəni təkrarlamaq mümkündür?
- Ola bilər, niyə də olmasın? Futboldur da.
- Ötən mövsümün yekununda demişdin ki, "Qarabağ"a qayıdacam və əsas heyətə düşmək uğrunda mübarizə aparacam. Amma yenə də "Zirə"dəsən. Bu, nə ilə bağlıdır?
- Bu, onunla bağlıdır ki, hansı formada olduğumu bilirəm, amma dərk edirəm ki, daha yaxşı formada ola bilərəm. Özümdən də bunu tələb edirəm. "Qarabağ"a etimad edə biləcəkləri oyunçu kimi getmək istəyirəm. Yayda bir az hiss etdim ki, daha da bir az işləməliyəm və Allah qoysa, "Qarabağ"a lazım olan oyunçu kimi qayıdacağam.
Mirbağırağa
saytlarin hazirlanmasi