Rəşad Sadıqov: "Rəhbərlik qarşımıza Konfrans Liqasına getmək hədəfi qoyub"

20:32 - 6 Oktyabr 2023

"Zirə" Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox vacib qələbə qazandıq. Birinci dövrədəki çıxışlarına görə də təşəkkür və təbrik edirəm. Bizim üçün uğurlu başlanğıcdır. 9 oyuna 19 xal yaxşıdır. “Turan Tovuz”la oyuna hazırlaşmaq, onlara qarşı uğurlu oyun planı cızmaq çətindir. Ayxan Abbasov savadlı məşqçidir. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə matçlardan biri oldu. Rəqibin ikinci hissənin ortalarından sonra oyununda inkişaf göz qabağında idi. Əks-hücumlarımız var idi. Amma təəssüflər olsun ki, alınmadı. Nəticə bizim üçün sərfəlidir. Çox vacib qələbədir. Bundan sonrakı dövrələrdə də uğurlu çıxışı davam etmək istəyirik.

- Birinci dövrəni çempion kimi tamamlayacaqsız. Üstünlükləriniz və çatışmazlıqlarınız nə oldu?

- Komanda yaxşı xarakter nümayiş etdirir. Bəzi oyunları çıxmaq şərtilə, komandanın peşəkarlığından və xarakterindən razıyam. Etibarlı oynayırıq. Rəqiblər də bizi təhlil edir. Hücum potensialımızı artırmalı, fürsətlərdən yaxşı istifadə etməliyik. Bunların hamısını anlayışla qarşılayıram. Bir çox futbolçular keçmişdə böyük klublarda stabil çıxış etməyiblər. Onlardakı gərginlik normaldır. Özümüz də bilirik ki, hansı futbolçulara güvənirik. Sadəcə zaman lazımdır ki, özlərinə güvənsinlər, uyğunlaşsınlar. Birinci yerdə olanda bu əlavə təzyiq yaradır komandaya. 4-5-ci yerdə olanda meydana çıxmaqla eyni şey deyil. Bəzən həyəcanlı olurlar. Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq.

- Rüstəm Əhmədzadə haqda fikriniz necədir?

- Bugünkü oyuna görə qiymət veririksə, Rüstəm ən yaxşı futbolçumuzdur. Toplu və topsuz çox yaxşı idi. Ondan çox razı qaldım. Belə davam edərsə, potensialını tam açacaq.

- Vladislav Kulaçda problem xroniki zədədir?

- Kulaç 3-4 oyundur ki, iştirak etmir. Son matçda məcburiyyətdən meydana buraxdıq. Tam hazır deyil. Ağrılar hiss etdi. Düşündük ki, pauza verək. Bizim üçün böyük itkidir. Heyətimizdə ən karyeralı futbolçudur. Şükürlər olsun ki, Filip Paxtman yaxşı oynayır. Rəqib müdafiəsində təzyiq yaradırdı. İstəyərəm ki, Kulaç tez bir zamanda komandaya qayıtsın.

- Sanki keçənilki ssenari təkrarlanır, ötən mövsüm Sərtan Taşkın, bu mövsüm Qismət Alıyev bombardirdir...

- Hücumçulara diqqət daha böyük olur, rəqib müdafiəçilər onlara daha yaxın dayanır. Müdafiəçilər isə daha avantajlıdır. Buraxdığımız qoldan sonra Qismət yəqin özünü günahlandırırdı. Bundan sonra qol vurmaq xarakter tələb edir. O, özünü əsl kapitan kimi apardı. Buraxılan qoldan məyus olmadı, qələbə qolunu vurdu.

- Eldar Quliyev bu mövsüm ilk dəfə ehtiyatda qaldı. Ondan narazı idiz?

- Beş gün əvvəl oynamışdıq. Çox ağır oyun olmuşdu. Həmin gün 90 dəqiqə meydanda olanlar çox yorulmuşdular. Rotasiyalar etmişdik. 14-15 aktiv futbolçular var ki, onlarla rotasiya edirik. Dəyişikllik olanda isə zəif performansla bağlı deyil. Bəzən rəqibə uyğun taktiki gediş edirik. Sonradan meydana daxil olanlar fəallıq göstərdilər.

- Üçüncü dövrəyə də lider kimi yollansanız, artıq çempionluq haqda düşünəcəksiz?

- İndi qarşımıza hansısa fərdi nəticə qoymaq ancaq zərərimizə işləyər. Çempionluğa oynayan komandalar var. Amma bizim əsas hədəfimiz mümkün qədər yüksək yerlər uğrunda mübarizə aparmaqdı. Rəhbərlik qarşımıza Konfrans Liqasına getmək hədəfi qoyub. Bu kubokdan da ola bilər, çempionatdan da. Belə şey yoxdur ki, mütləq çempion olmalıyıq və ya ikinci. Elə məqsəd yoxdur. Hər oyuna yaxşı hazırlaşıb, yüksək yerlər uğrunda mübarizə aparırıq.

Mirbağırağa

Xəbər xətti