"İlk məqsədimiz Avropa Liqasında növbəti mərhələyə adlamaqdır, çünki bu, heç vaxt baş verməyib"

14:34 - 2 Dekabr 2023

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Sportal.az saytına açıqlama verib.

Ağdam klubunun müdafiəçisi Avropa Liqasının 5-ci turunun “Molde” ilə görüşü haqda danışıb:

"Molde"yə qarşı oyunumuz çox çətin keçdi. Hava şəraitini və rəqibin gücünü nəzərə almaq lazımdır. Komanda kimi sona qədər mübarizə apardıq və bir xal qazandıq. Qurban Qurbanov oyundan əvvəl daha çox hücumda oynamağı, öz oyunumuzu da davam etdirməyi tapşırmışdı. Hər halda, "Molde"nin də çox yaxşı formada olduğunu nəzərə almaq lazımdır. Onlar oynadıqları sistemi ən yaxşı şəkildə icra edən komandadır".

Son dəqiqə qolu ilə komandasını məğlubiyyətdən xilas edən Mustafazadə buna görə özünü qəhrəman saymadığını dilə gətirib. O, həmçinin Avropa Liqasının qrup mərhələsinin son turunda "Hekken"ə qarşı keçiriləcək görüşdəki məqsədlərindən də söhbət açıb:

"Özümü qəhrəman hesab etmirəm. Düzü, qol vurmağı çox istəyirdim. Ona görə hücuma yollanmışdım. Komanda yoldaşlarımın hər biri qəhrəmandır. Çətin olmasına rəğmən, Norveçdə hamımız sona kimi mübarizə aparıb xal qazandıq. Bizim ilk məqsədimiz Avropa Liqasında növbəti mərhələyə adlamaqdır. Çünki bu, heç vaxt baş verməyib. İstəyirik ki, bunu reallaşdıraq. Bütün matçlarda ən yaxşısı üçün çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Hekken" görüşü dekabrın 14-də Tofiq Bəhramov stadionunda keçiriləcək.

Mirbağırağa
 

Xəbər xətti