"Gərgin oyun keçdi. İki hissədə də dominant oynamağa çalışdıq. Qol epizodlarını reallaşdırmayanda, belə toplar buraxırsan. Acı da olsa, qələbəni əldən verdik. İrəliyə baxmaq lazımdır".
Sportal.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 14-cü turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:
- Dominant futbol və xeyli qol epizodlarına görə futbolçulara təbrik düşür, yoxsa sondakı diqqətsizliyə görə, əksinə?
- Müdafiə bu gün çox yaxşı oynadıq. Əksinə, mən hücumun üstünə düşməliyəm ki, daha çox epizodlar yaradırıq, amma yararlana bilmirik. Özüm də müdafiəçi oynamışam. Bu gün müdafiədə böyük səhvlər görmədim. Buraxdığımız kimi bəxtsiz qollar da futbolda olur. Ötən oyunda "Neftçi"yə sonuncu dəqiqədə qol vurduq, bu gün sonuncu dəqiqədə qol buraxdıq. Bu halı həzm etməliyik. Amma qol vurmaq üzərində çox işləməliyik. Bəlkə də, çempionatın digər oyunlarında bu qədər qol epizodlarımız olmamışdı. Yanılmıramsa, rahat 6-7 qol epizodumuz oldu ki, yararlana bilmədik.
- Son iki oyunda avrokuboklara oynayan rəqiblərdən xal almısız...
- Biz o barədə fikirləşmirik. Hər oyuna köklənirik. Futbolçularım "Neftçi"yə qarşı çox yaxşı səviyyədə oynadılar. Hətta avrokuboklar uğrunda oynayan komandalardan pis deyildilər. Axsayan yerlərimiz var. Qışda da transferlər reallaşdırmağa çalışacağıq. Tapa bilməsək, yolumuza davam edəcəyik.
- Axsayan mövqe deyəndə, haranı nəzərdə tutursuz?
- Orta xətt, 8 və 10 nömrə mövqeyi, hansı ki, daha çox hücumçuları topla təmin etsin. Bu cür futbolçu axtaracağıq. İstəyərdik ki, bu, yerli futbolçu olsun. Ki, rotasiya edə bilək. Amma olmasa, nə edək? Bu gün heç kim yaxşı yerli futbolçusunu bizə verməz.
- Sizə elə gəlmir ki, Orxan Əliyev daha çətin vəziyyətlərdə qol vurur, nəinki asan epizodlarda...
- Orxanın öz aləmi var. O epizodları qaçırmamalıydı, amma qaçırdı. Əlbəttə ki, komandanı pis durumda qoydu. Ancaq keçən oyunda da onun qolu sayəsində bir xal qazandıq. Bu mənada, futbolçunun üstünə çox getmək, onu silkələmək də bizlik deyil. Sadəcə bu gün nə lazımdırsa, onu futbolçudan tələb edirik və istəyirik ki, maksimumu ortaya qoysun. Orxan bu gün onu edə bilmirsə, sabah edəcək.
- İlk dövrədə də rəqibdən üstün olsaz da, istədiyiniz nəticəni qazana bilməmişdiniz, bu gün isə bərabərlik qeydə alındı. Sizcə, iki oyunda da çatışmayan nə oldu?
- Birinci oyunda da bizim ilk yarıda 3-4 real qol epizodumuz var idi. Orxan Əliyevin, Abdulla Rzayevin qol imkanları yaranmışdı. Onları yenə reallaşdıra bilmədik. Bu gün əlimizdə olan material budusa, səhvi kiminsə üzərində axtarmalı deyiləm. Sadəcə əlimizdə olan materialın bacarığını yaxşılaşdırmalıyıq, vəssalam. Biri var insanın maksimumu. Amma futbolçunu daha yaxşı səviyyəyə gətirmək olar. Məncə, bu gün çox yaxşı oynadıq, ancaq iki xalı itirdik.
Mirbağırağa
saytlarin hazirlanmasi