"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" ilə qalib gəlməyi bacardınız. Matçla bağlı düşüncələrin necədir?
- "Qəbələ" yaxşı komandadıdr, əks-hücumlara yaxşı çıxırlar. "Turan-Tovuz"la matçda da onların güclü tərəflərini gördük. Buna çox ciddi hazırlaşmışdıq. Norveçdən sonra bir az yorğunluq var idi. Uzun yol qət etmişdik, orada çox emosiyalar yaşamışdıq. Lakin Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirdik, yaxşı pressinq etdik və layiqli qələbə qazandıq.
- Premyer Liqaya uzun müddət "Zirə" liderlik etsə də, "Qarabağ" hazırda birinci pilləni tutur...
- Mövsüm hələ uzundur, indidən nəsə deməyək. Çox komanda xallar itirəcək. Lakin biz hər oyuna məsuliyyətlə yanaşmalıyıq. Çünki iki cəbhədə mübarizə aparırırq və bizim üçün çətindir. Hər oyuna sonuncu kimi yanaşırıq. Kadr problemimiz var. Kevin Medina sıradan çıxdı. Bu isə bizim üçün böyük itkidir. Düzdür, onu əvəzləyəcək oyunçularımız var. Uşaqlar yaxşı hazırlaşır.
- Kevin Medina zədələndiyi üçün artıq əksəriyyəti sənə onun əvəzləyəcisi kimi baxır. Bu haqda fikrin necədir?
- Bizim iki heyətimiz oynamağa, istənilən oyunçunu əvəz etməyə hazırdır. Kevin komandamızın liderlərindən biridir. Əlbəttə ki, onun yoxluğu bizim üçün itkidir. Lakin dediyim kimi, onu əvəzləyəcək oyunçumuz da var. Qarşıda oyunlar çoxdur. Müdafiədə böyük problemlərimizin olacağına inanmıram.
- İki yox, üç cəbhədə oynayırsız- Azərbaycan Premyer Liqası, Avropa Liqası və ölkə kuboku. Səncə, hər üçündə hara qədər irəliləyə bilərsiz?
- Birinci il deyil ki, belədir. Demək olar ki, hər il üç cəbhədə oynayırıq. Bərpa üçün az vaxtımız olacaq. Amma bu bizim işimizdir, hazırlaşmalıyıq. Beş vacib oyunumuz qalıb. Yaxşı oyun göstərib, fasiləyə yaxş əhval-ruhiyyədə yollanmaq istəyirik.
- Avropa Liqasının qrup mərhələsinin son turunda "Hekken"lə həlledici görüşə çıxacaqsız. Bu oyunda qalib gələ biləcəksiz?
- Bəli, çox vacib oyundur. Bütün azarkeşlər bu oyunda bizdən yaxşı nəticə gözləyir. Yaxşı oyun göstərib, uğurlu nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik. Qarşıda bizim “Sumqayıt”la oyunumuz var. “Hekken”lə oyuna yaxşı formada çıxacağımızı düşünürəm. Bu görüşdə qalib gəlmək istəyirik.
- "Molde"yə Norveçdə son saniyələrdə vurulan qol "Qarabağ"ın ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə çıxması üçün dönüş nöqtəsi olacaq?
- Ola bilər. Artıq hamı uzun illərdir ki, gözləyir. Biz özümüz də pley-off mərhələsinə çıxmağı çox istəyirik. Mövsümə yaxşı başlamışdıq, “Bayer”lə layiqli oyun göstərmişdik. “Molde” ilə oyun çətin idi. Çünki hava şəraitini nəzərə almaq lazımdır. Amma belə, qrup mərhələsini yaxşı notlarla başa vurmaq niyyətindəyik.
saytlarin hazirlanmasi