"Araz-Naxçıvan"ın forvardı: "Baş məşqçinin narazılığı normaldır"

13:49 - 6 Dekabr 2023

"Səbail"ə qarşı matç asan olmadı. Bilirdik ki, yaxşı rəqiblə oynayacağıq. Qalib gəlmək üçün hər şeyi etdik. Amma sonda heç-heçə qeydə alındı. Qol vurmağım üçün yaxşı imkanlarım var idi. Fərqlənməyi çox istəyirdim. Amma alınmadı. Bu cür hallar baş verir".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın forvardı Orxan Əliyev deyib.

Naxçıvan klubunun baş məşqçisi Azər Bağırov Premyer Liqanın 15-ci turunun “Səbail”lə görüşündən sonra mətbuat konfransında qol epizodlarından fərqlənə bilməməsinə görə, Orxanın komandanı pis vəziyyətdə qoyduğunu açıqlayıb. Forvard isə özü məsələ haqda bu cür danışıb: "Biz bir komandayıq. Qalib gəliriksə, bunu birlikdə edirik. Məğlub olduqda da, həmçinin. Məncə, ayrıca kimisə günahlandırmaq doğru olmazdı. Baş məşqçinin narazılığı normaldır. Futbolda belə hallar olur. Bunun qarşıdakı matçlarda əsas heyətdə çıxmağıma təsir edib-etməməyimə gəlincə, mənim qərar verəcəyim məsələ deyil. Mən öz işimi görürəm. İndi bu haqda düşünməli deyiləm. Qarşıda vacib oyunlarımız var".

"Araz-Naxçıvan” Premyer Liqanın 16-cı turunda “Zirə”nin qonağı olacaq. Əliyev, bu qarşılaşmada komandasının qələbə üçün oynayacağını bildirib: "Zirə" yaxşı komandadır. Turnir cədvəlində də lider komandalardandır. Bizi ağır səfər görüşü gözləyir. Buna baxmayaraq, hər şeyə hazır olacağıq”.

Mirbağırağa
 

Xəbər xətti