Azərbaycanlı forvard Yusuf Mehtiyev “Dinamo”nun heyətində çempionluq sevinci yaşayıb. Sportal.az xəbər verir ki, o, "Dinamo"nun U-19 liqasında yarışan kollektivi ilə mövsümün qalibi adını qazanıb. Tbilisi klubunun hücumçusu 16 qolla komandasının çempionluğunda önəmli rol oynayıb. Saytımıza açıqlama verən Yusuf həm çempionluğu şərh edib, həm də milli komandada oynamaq istəyindən söz açıb:
"20 oyun oynadıq, 18-də qalib gəldik və iki heç-heçəmiz oldu. Sonda çempionluq hamımızı sevindirir. Məğlubiyyətsiz çempionluq daha da xoşdur. Amma çətin alındı. İli 16 qolla başa vurdum. Son turdan öncə “Torpedo”(Kutaisi) ilə görüşdə çempionluq qolumuzu vurdum. Ötən mövsümkü bəxtsiz zədədən sonra bu sezon istədiyim kimi alındı. Şükür Allaha, qollarımı vurdum. Yeni ildən “Dinamo”nun əvəzedici heyətində olub-olmayacağıma gəlincə, hər şey mümkündür, amma hələ heç nə bəlli deyil. Səbirsizliklə “Dinamo”nun əsas heyətində oynamağı gözləyirəm. Qışda xarici kluba getməyim yaş həddinə görə bir az çətin görünür. 18 yaşıma qədər özümü Gürcüstanda hazırlayıb, daha sonra getməyi düşünürəm".
Gürcüstanın Qardabani rayonundan olan həmyerlimiz yığma komandamızda oynamaq istəyir. O, Gürcüstanın U-19 yığmasına dəvət edilməsi ehtimalının da az olmadığını deyib:
"Təbii ki, Gürcüstanın U-19 yığmasına dəvət edilmək şansım var. Çünki çempion olduq, həm də 16 qol vurmuşam. Amma düzü, mən Azərbaycanın U-19 yığmasında oynamaq istəyirəm. Bilirsiz ki, Azərbaycan millisinə dəvət almışdım. Sadəcə, sənəd məsələlərinə görə alınmadı. Ümid edirəm ki, həmin məsələlər yoluna qoyulacaq. Hər zaman şərəflə Azərbaycan millisinin formasını qorumaq arzusunda olmuşam. İnanıram ki, arzum reallaşacaq və millidə oynayaraq öz köməyimi göstərəcəm. Əminəm ki, Azərbaycanın U-19 yığmasına kömək edərəm. Səhv etmirəmsə, gələn ay toplanış olmalıdır. Həmin toplanışda iştirak etmək istəyirəm. Doğrudur, qərarı baş məşqçi və korpusu verir. Allah qoysa, bu reallaşar və gəlib yığmada oynayaram".
Mirbağırağa
saytlarin hazirlanmasi