Azərbaycan yığmasının baş məşqçisi "Zirə"dən ayrıldı: "Fikrimi milliyə yönəltmişəm"

16:49 - 8 Dekabr 2023

Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev “Zirə” komandasından ayrılıb.

Bu barədə yerli mütəxəssis Sportal.az saytına açıqlamasında məlumat verib. O, milli komandadakı işinə görə adıçəkilən klubdan ayrıldığını açıqlayıb: "Yalnız milli komandaya görə “Zirə”dən ayrıldım. Bir komandada işləyəndə, digər komandalara nəzarət etmək, oyunçulara baxmaq, seçmək çətin olurdu. Bundan sonra yalnız milli komandada işləyəcəm. Seleksiya işləri ilə məşğulam, milliyə yaxşı oyunçular dəvət etmək istəyirəm. Ayda bir dəfə bir həftəlik təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Çünki altı aydan sonra Avropa çempionatı başlayacaq. Ora hazırlaşmaq lazımdır. Fikrimi bu turnirə yönəltmək istəyirəm. Tez-tez toplanışlar edəcəyik və futbolçulara baxacağıq. Başqa komandada işləməyi isə indi düşünmürəm, istəmirəm. Əsas fikrimi milliyə yönəltmişəm".

Quliyev, "Zirə"dən ayrıldığı posta kimin təyin olunduğunu da bildirib: "Zirə"yə Asif Zeynalov və Sərxan Məstiyev rəhbərlik edəcək. Onlara da uğurlar arzu edirəm".

Mirbağırağa
 

Xəbər xətti