"Neftçi"nin hazırda altıncı pillədə olması məni təəccübləndirir" - MÜSAHİBƏ

20:21 - 8 Dekabr 2023

"Neftçi"nin veteran müdafiəçisi İqor Mitreski Sportal.az saytına müsahibə verib.

- Bu mövsüm "Neftçi"dən gözləntilər yüksək olsa da, komanda hələ də yalnız altıncı yerdədir. Sənin üçün gözlənilməz nəticə oldu, yoxsa necə?

- "Neftçi"nin hazırda altıncı pillədə olması məni təəccübləndirir. Amma fikrimcə, komanda 6-cı pillədədirsə, artıq 7-ci və ya 8-ci pillədə olmasının da fərqi yoxdur. "Neftçi" yuxarı pillələrdə "Qarabağ" və "Zirə" ilə yanaşı olmalıdır. Komanda çempionatın ikinci yarısında daha yaxşı çıxış etmək üçün çalışmalıdır və nələrisə düzəltməlidirlər. 

- Səncə, niyə onlar daha yaxşı oynaya bilmir?

- Bu barədə söz deyə bilmirəm. Yəqin ki, komandada nəsə alınmır. Bəlkə, taktiki məsələsidir, ya da fiziki. Yaxud da, seleksiya problemidir. Amma bu haqda dəqiq bilmirəm. Hər halda, daha yaxşı hazırlaşmaq, mövsümün əvvəlində qarşıya hədəf qoyub oynamaq lazımdır. İndi isə bu mümkün deyil. Çünki artıq çempionat davam edir.

- Adrian Mutu yayda komandaya böyük ümidlərlə gətirilib. Lakin komanda hələ də effektiv futbol oynaya bilmir. İndi isə Mutunun "ÇFR Kluj"a baş məşqçi kimi yollanmaq xəbərləri var. Sizcə, bunlar Rumıniya mediasının Mutunun statusunu qorumaq üçün etdiyi iddialardır?

- Mutu tanınmış futbolçu olub, amma məşqçi kimi haqqında az məlumatım var. Komandadakı vəziyyəti o məndən daha yaxşı bilməlidir. Əgər “ÇFR Kluj”dan təklif varsa...Nə deyim? Rumıniyada tanınmış biridir. Ola bilər ki, doğru xəbərlərdir. Bəlkə də, deyil. Məncə, hər məşqçi üçün Azərbaycanda işləmək asan alınmır. İnsanlar düşünür ki, Azərbaycan Premyer Liqasında nəsə etmək, futbol oynamaq asandır. Amma belə deyil. Çempionata ciddi yanaşmaq lazımdır.

- Komandanın dörd hücumçusu var və 15 tura birlikdə cəmi 1 qol vurublar. Yeni transferlər hələ ki, özünü göstərə bilmir. Onların vaxta ehtiyacı var, yoxsa bu, yay transferlərinin özünü doğrultmadığının göstəricisidir?

- Bu, çox pis göstəricidir. Hücumçu qol vurmalıdır. Futbolun belə qanunu var, əgər forvard 1-5 sayda qol vurursa, pisdir. 10 qol vurursa, o da yaxşı deyil. 10-dan çox qol vuran isə yaxşı forvarddır. Dörd hücumçu bir qol vurubsa, sadəcə biabırçılıqdır. Futbolçular özü də başa düşünməlidir ki, pis göstəricidir. "Neftçi"də oynadığım vaxtları yaxşı xatırlayıram. Emil Mpenza kimi tanınmış futbolçumuz var idi, o da qol vura bilmirdi. Bu da yaxşı deyildi. Dörd hücumçunun bir qol vurması mənə görə biabırçılıqdır. Klubun seleksiyaçıları bu haqda düşünməlidir. Lazımdırsa, 10-15 qol vuran bir hücumçu gətirsinlər. 

- "Neftçi" “Qarabağ”dan 10 xal geri qalır. Bəlkə “Neftçi” ən yaxşı halda bu mövsüm ölkə kubokunu qazanmağa köklənməkdir? Hər halda, kubokun qalibi Avropa Liqasına vəsiqə qazanacaq....

- "Qarabağ"la 10 xallıq fərq çoxdur. Onlarla 2-3 xal fərqi ilə oynamaq çətindir, o ki, qalmışdı 10 xallıq fərq olsun. Əgər "Neftçi" kuboku götürsə, bu mövsüm üçün yaxşı sayıla bilər. Hər halda, avrokuboklara düşmək mümkündür. Amma "Qarabağ"ı qabaqlamaq çətindir. Demirəm, mümkün deyil, mümkündür. Lakin "Qarabağ" bu qədər xal itirməyəcək ki, "Neftçi" onları qabaqlasın. Avropa Liqasına düşmək mümkündür. Onlar qışda Adrian Mutu ilə və ya Mutusuz, bilmirəm, yaxşı hazırlaşmalıdır. Düzgün addımlar atmaq lazımdır. Rəhbərlik və ya seleksiyaçılar komandaya kimi dəvət edib, kimi göndərmək haqda düşünməlidir. Seleksiyanı isə indi etmək lazımdır. Yanvar və fevralda etmək gec olacaq.

Mirbağırağa

Xəbər xətti