"Start heyətini düzəltməyə futbolçumuz yoxdur"

22:26 - 8 Dekabr 2023

"Zədəlilərimiz oldu. Bəzi oyunçular yad mövqelərdə oynayırlar. Bu sarıdan çətinliklərimiz var. Növbəti iki oyunda toparlanıb, əlimizdən gələni edəcəyik".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübaric Orucov Premyer Liqanın 16-cı turunun "Qarabağ"la oyunundan sonra deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb:

- Qurban Qurbanov bildirdi ki, "Sumqayıt" öz oyun stilinə sadiq qaldı, 3:0 olanda da irəli getməkdən əl çəkmədi. Bu cür rəqibə qarşı bir az qapalı oynamaq olmazdı?

- Bizim öz futbolumuz var. İstəyirik ki, göz oxşayan futbol oynayaq, azarkeşlərimiz üçün gözəl futbol olsun. Qapanmaq məğlubiyyətdən qaçmaq deyil. Doğru futbol oynamaq istəyirik. Düzdür, hesab böyük oldu. Amma bu o demək deyil ki, qapansaydıq hesab kiçik olacaqdı.

- Mossi orta sahədə çempionatın ən yaxşılarındandır. Amma bu gün müdafiənin mərkəzində oynadı. Bu, böyükhesablı məğlubiyyətə nə dərəcədə təsir etdi?

Yad mövqedə oynayırdı. Amma tək onun üzərinə də atmaq olmaz. Müdafiədə çaşqınlığın yaranmasına səbəb ola bilərdi. Bəlkə də, o mövqedə ilk dəfədir oynayırdı. Bəzi qollarda onun səhvləri var idi. Amma onu qınayası da deyilik. Məcburiyyətdən onu orada oynatdıq. Start heyətini düzəltməyə futbolçumuz yoxdur. Çətin dönəmdəyik. Zədəlilərimiz çoxdur.

- Əvəzedici heyətdən və yaxud da U-19 heyətindən əsas komandaya cəlb edəcəyiniz oyunçu yoxdur?

Futbolçular var. Bu gün də ikinci hissədə gənclərə şans verdik. Amma elə mövqe var ki, oranı əvəz edəcək oyunçu əvəzedici heyətdə də yoxdur. Həssas mövqelər var ki, ora üçün akademiyada da oyunçu yoxdur.

- Komanda psixoloji cəhətdən özünə gələ biləcək?

Allah qoysa, bu durumdan komandanı çıxaracağıq. Fasiləyə qədər son iki oyun vacibdir. Komanda toparlanıb, lazım olan nəticəni əldə edəcək.

Mirbağırağa

Xəbər xətti