Adrian Mutu: "Bəzi oyunlarda bizim də səhvimiz, günahımız var"

20:40 - 10 Dekabr 2023

"Öncə, "Neftçi"nin U-15 komandasının qapıçısına dəstək göstərmək istəyirəm. Ona tezliklə meydanlara qaylıtmasını arzulayıram. Oyun haqda onu deyə bilərəm ki, ağır, çətin oyun idi, aqressiv rəqibə qarşı oynayırdıq. Amma komandam xarakter göstərdi, meydanda oyuna çox yaxşı yanaşdılar və qalib gəldik. Bu gün komanda şəklində qalib gəlməyi bacardıq. Bu, mənim üçün çox vacibdir. Qapımızda iki asan qol buraxdıq. Diqqətli olmalıydıq. Amma komandamın buna cavabı çox yaxşı oldu. Bəyəndim. Onlar göstərdilər ki, qalib gəlmək istəyi var. Oyunda hər zaman hesabda irəli olan tərəf biz idik. Sevindirici amil odur ki, oyunçularım son dəqiqələri yaxşı idarə etdilər".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın "Turan Tovuz"la matçından(3:2) sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını cavablandırıb:

- Aaron Olanare boksçuya oxşayır, fiziki cəhətdən çatdırmır. Bu futbolçu haqda fikriniz necədir?

- Mənim üçün aydın olan odur ki, Olanareni bəyənmirsiz. Amma bu gün o olmasaydı, hesab 2:2 bitərdi. Taktika, oyun haqda yaxşı yanaşıram. Amma oyunçum haqda belə danışılanda, buna cavab vermək istəmirəm.

- Kenni Sayefin qışda ayrılacağı deyilir. Doğrudur?

- Oyuna sonradan qoşulanların hamısı yaxşı idi. Sayef də verilən tapşırıqları yaxşı yerinə yetirdi. "Zirə" ilə oyunda da sonradan meydana daxil olanlar yaxşı oynadılar. Oyunda qələbəni komanda şəklində xarakter göstərərək qalib gəlmək olur. Sayefin təkliflərinə gəlincə, bu barədə məlumatım yoxdur.

- Turnir cədvəlində üçüncü pilləyə yüksəlirsiz. "Qarabağ"la derbi öncəsi bu komandaya nə dərəcədə motivasiya verəcək? Komandanın qış fasiləsinə üçlükdə yollanmaq perspektivini necə görürsüz?

- İstəyirik ki, yuxarılarda qərarlaşaq. Nəinki üçüncü pillə, daha da yüksəklərə qalxmaq niyyətindəyik. Sezonun yarısı bitir. Çox qəribə keçdi. Bəzi oyunlarda, bəzi məqamlarda bizim də səhvimiz, günahımız var. Elə oyunlar da olub ki, bəxtimiz gətirməyib. Bütün bu baş verənlərdən nəticə çıxarmalıyıq. Bacardığımız qədər sona qədər yuxarılarda məskunlaşmalıyıq. Bu qələbədən sonra əhvalımız yüksək səviyyədədir. "Qarabağ"a qarşı çətin olacaq. Çalışacağıq ki, həmin derbidə qalib gələk.

- "Qarabağ" "Hekken"lə matçdan sonra yəqin ki, yorğun olacaq. Bu, sizə köməkdir?

"Qarabağ" bizimlə ilk oyuna da Avropa Liqasının matçından sonra çıxmışdı. Onlar iki heyətə malikdir. Bizimlə matça altı dəyişikliklə gəlmişdilər. Bu mənada, hansısa problemləri olacağını düşünmürəm.

- "Qarabağ" - "Hekken" matçını stadiondan canlı izləyəcəksiz?

- Oyuna köməkçilərim gedəcək. 

Mirbağırağa

Xəbər xətti