Bəxti açılan Mutu - REPLİKA 

22:59 - 10 Dekabr 2023

Bir müğənni tanışım var idi. Musiqi müsabiqələrinin birində ya qalib olmuşdu, ya da finalçı. Düzü, yaradıcılığı o qədər də maraqlı deyildi mənə. Amma ümumi tanışlarımızdan eşitmişdim ki, toy səviyyəsinə uyğun müğənnilərdən hesab etmək olardı onu. 

Çoxdanın söhbətidir. Elə söz vaxtına çəkər, dekabr ayının ilk günləri idi. Həmin tanışımla çayxanada oturub dərdləşirdik. Giley-güzar edirdi, bəxtindən şikayətlənirdi. Deyirdi, musiqi təhsilin olsun, səsin də, görünüşün də öz yerində, amma gəl ki, qalmışam qıraqda. Telekanallara dəvət eləyən yoxdur, hamı görməzdən gəlir, efiri doldurublar səsi olmayıb cibi dolu olanlarla. Söhbət əsnasında gözləri də doldu, ağlamsımış kimi oldu. Heç bilmirdim nə deyim, necə təsəlli verim. Nə deyəsən axı... 

Söhbətin bu yerində zəng gəldi ona. Baxdı, tanımadı nömrəni. Həvəssiz şəkildə cavab verdi zəngə. Tanımırdı zəng eləyəni. Amma xəttin o tərəfindəkini dinlədikcə elə bil, gözlərinə işıq gəlməyə başladı. Ayağa qalxdı, kənara çəkilib bir neçə dəqiqə danışandan sonra geri qayıtdı. Gözləri yenə dolmuşdu, amma bu, bayaqkına bənzəmirdi. Bu dəfə simasında bədbinlikdən çox nikbinlik vardı. Sevinc göz yaşlarıydı bu. Soruşdum, nə olub, nə baş verib. Dedi, inanmayacaqsan, ölkədə baxımlı verilişlərdən birinə dəvət elədilər məni. Söz tapa bilmirdim. Möcüzə də demək olardı buna. Bəzən belə də olurmuş həyatda! 

Bir neçə həftə əvvəl "Neftçi"nin baş məşqçisi Adrian Mutunun giley-güzar dolu açıqlaması çıxdı qarşıma. Deyirdi, bəlkə dünyada mənim qədər bəxtsiz məşqçi yoxdur. Açığı, içimdə bir az pis oldum ona görə. Ad-sanı var, yaxşı futbolçu olub. Azərbaycana gələnə qədər məşqçi kimi heç bir ciddi nəticəsi olmasa da, gəncdir, inkişaf edə bilər. Amma nəticələr pis olanda, mətbuatın təzyiqi bir tərəfdən, azarkeşlərinki də o biri tərəfdən. Belə vəziyyətdə necə inkişaf eləsin axı bu növcavan məşqçi...

Müğənni tanışımın sonrakı aqibəti haqqında məlumatım olmadı. O vaxtdan əlaqəmiz kəsildi, səs-sorağı da heç yerdən çıxmadı. Bəlkə də müğənniliyi buraxıb, başqa peşəylə məşğuldur indi. Mutu barədə düşünərkən yadıma düşdü o. Rumın məşqçi də giley-güzar edəndən sonra sanki bəxti açılıb. Ötən tur "Zirə" ilə oyunda bəxt onun komandasının üzünə gülmüşdü, bu tur da "Turan Tovuz"la. Bəzən belə də olurmuş futbolda!

Həmid

Xəbər xətti