Azərbaycanlı futbolçu Super Liqada çıxış edə bilər

09:34 - 12 Dekabr 2023

Türkiyədə legioner həyatı yaşayan həmyerlimiz qış fasiləsində iş yerini dəyişə bilər.

Sportal.az "sportinfo"ya istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisinin xidmətində Super Liqaya vəsiqə qazanmağı hədəfləyən “Kocaelispor” maraqlıdır.

Coşqunun “Ümraniyespor”dakı durumu məlumdur. 28 yaşlı futbolçu yayda müqavilə bağladığı gündən bu yana maaş üzünə həsrət qalıb. Digər klublar İstanbul təmsilçisinin durumundan xəbərdardır deyə, “Ümraniyespor”un heyətindəki aparıcı futbolçulara göz qoyulub.

Türkiyə Futbol Federasiyasının yanvarda maaşı ödənilməyən futbolçuların başqa klublara sərbəst keçidinə icazə verəcəyi gözlənilir. Bu, baş versə, Diniyevi yeni ildən daha iddialı komandada görə bilərik. Hazırda ən aktual məsələ “Ümraniyespor”un bütün borcları bağlaması, ən pis halda TFF-nin futbolçulara azad agent statusu verməsidir.

Coşqun Diniyev cari mövsümdə meydana çıxdığı 15 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Birinci Liqada mübarizə aparan “Ümraniyespor” 15 turdan sonra 18 xalla 18 komanda arasında 12-ci, “Kocaelispor” isə 32 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti