"Zirə"nin müdafiəçisi Ruan Renato Premyer Liqanın 17-ci turunun "Turan Tovuz"la matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az braziliyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
- Çətin oyun olacağını öncədən bilirdik. Olduqca intensiv və fiziki cəhətdən çox yaxşı komandaya qarşı oynayırdıq. Təssüf ki, ilk dəqiqələrdən müəyyən şeylərə adaptasiya ola bilmədik. Rəqib yaratdığı qol vəziyyətindən faydalandı. Oyunu istənilən nəticə ilə başa vura bilmədik.
- İlk dəfə idi üçlü müdafiə sistemi ilə oynayırdız. Bunun təsiri necə oldu?
- Məhz bu oyun planını seçməyimiz rəqibə görə idi. "Turan Tovuz"u təhlil edib ona uyğun oyun planı seçmişdik. Bilirdik ki, rəqib uzun toplarda və ikinci toplarda yaxşı təsir bağışlayır. İlk yarıda ikinci topları uduzurduq. Nəticə etibarilə onlar yaratdıqları qol şansından yararlandılar və matçdan qələbə ilə ayrıldılar.
- "Zirə" 4 oyundur qələbə qazana bilmir. Bunu "qara zolaq" adlandırmaq olar?
- Nəticə hər zaman önəmlidir. Hətta qalib gəldiyimiz oyunlarda da müəyyən aspektlər var idi ki, onların üzərində işləməli idik. 4 oyundur qələbə qazana bilmiriksə, yenə çalışmalı olduğumuz məqamlar var. Bu oyunlar artıq geridə qalıb. Növbəti matçlara fokuslanıb, səhvlərimizi aradan qaldırıb, daha yaxşı performans sərgiləməyə çalışmalıyıq.
- 3 gündən sonra "Turan Tovuz"la kubokda qarşılaşacaqsız. Qısa vaxtda bərpa ola biləcəksiz?
- Təbii ki, öncədən bu sıx qrafiki nəzərə almışdıq. Buna uyğun planımız var idi. Rəqib də bizimlə eyni situasiyadadır. Məncə, bunun xüsusi təsiri olmayacaq.
- Artıq ikinci pillə təhlükədədir. Bu, sizdə təzyiq yaradır?
- Düşünmürəm ki, turnir cədvəli böyük təzyiq yaratsın. Qələbələr qazandıqca rəqiblər sənə qarşı xüsusi hazırlaşır. 4 oyundur qalib gələ bilmirik. Mən və komanda yoldaşlarım turnir cədvəlindən daha çox oyundan-oyuna köklənməliyik.
- Düşünmürsən ki, mövsümün əvvəlindəki sürəti yenidən götürmək üçün komandanın istirahətə ehtiyacı var?
- Bu, fiziki aspektlərlə bağlı ola bilər. Amma biz çempionata fiziki cəhətdən necə başlamışıqsa, elə də bitirməyə hazırıq. Hazırda fokuslanmalı olduğumuz yeganə şey mental hazırlıqdır. Bunu yüksək səviyyədə tutmalıyıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi