Rəşad Sadıqov: "Bu komandaya xüsusi məhəbbətim var"

19:34 - 15 Yanvar 2024

"Zirə" hazırlıq matçında "Qarabağ"a 0:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı, matç 140 dəqiqə davam etdi. Bu, nə ilə bağlıdır?

- Qurban Qurbanov təklif etdi ki, 4 hissəli matç keçirək və bütün futbolçular oyun praktikası qazansın. Bu, bizi də qane edirdi. Sevindirici haldır ki, bu gün demək olar hamı 70-80 dəqiqə oynadı. 12 günlük təlim-məşq toplanışımızı bu gün başa vurduq. Bundan başqa artıq son hazırlıqlarımız olacaq.

- "Zirə" artıq transferi yekunlaşdırıb?

- Axtarışdayıq. Danışıqlar apardığımız futbolçular var. İstəyərdim ki, 2 oyunçu transfer edək. Qarşıda bizi 3-4 gündən bir oyunlar gözləyir. Heyətimizi genişləndirməliyik.

- Rafael Utsiq komandaya adaptasiya olub?

- Xarakterli futbolçudur. Son 2 ayda komandasından uzaq qalıb. Sonuncu rəsmi oyunu noyabrın 11-də keçirib. Bu gün 45 dəqiqə oynamaq da onun üçün çox idi. Risk edib oynatdıq. Amma meydanda ən yaxşılardan idi. Formasını bərpa etmək üçün zamana ehtiyacı var.

- Utsiqi daha çox hansı mövqedə düşünürsüz?

.- Universal futbolçudur. 4 mövqedə oynaya bilir. Onun universallığından istifadə etmək istəyirik.

- Filipe Paxtnan komandada qalacaq?

Onunla söhbət etmək fikrimiz var idi, amma etmədik. Son oyunda tam hazır olmadan meydana buraxdıq. Amma yenidən zədələndi. Hardasa mənim də günahım var idi. Meydana çıxıb çox önəmli qol vurdu. Ən azı yaya qədər bir yerdə olmağı düşünürük.

- Oyunun gedişində futbolçular arasında gərginlik yaşandı. Bu,  nə ilə bağlı idi?

- Yoldaşlıq görüşünün mənfi tərəfi odur ki, futbolçular cəzasız qalacaqlarını bilir. Buna görə gərginlik oldu. Sonra sakitləşdilər.

- Komandadan kiminsə gedişi gözlənilir?

- Təklif olsa, dəyərləndirə bilərik. Amma ümumən kimisə göndərmək fikrimiz yoxdur.

- Eldar Quliyevin "Sabah"a keçidi gündəmdədir. Sizə rəsmi təklif gəlib?

- Rəsmi yox. Klublar arasında müəyyən danışıqlar olub. Detallara varmaq istəmirəm. "Sabah"la iki dost komandayıq. Danışıqlar oldu, baş tutmadı.

- Məbləğdə razılıq olmadı?

- Söhbət klublararası məbləğdən getmir. Ümumən bu keçid baş tutmadı. Hər məsələdə "Sabah"la anlaşa bilərik.

- Eldar Quliyevin Azərbaycan pasportu ilə oynamaq ehtimalı var?

- Bunu mən də istəyərəm. Həm millimizə fayda versin, həm də bizə. Amma hələ ki, bu haqda düşünmür.

- Avropa Liqasında "Qarabağ"ın rəqibi "Braqa" haqda nə düşünürsünüz?

- Hər şeyi oyunun gedişatı göstərəcək. İlk matçdan çox şey asılıdır. İnanıram ki, "Qarabağ" mərhələni keçən tərəf olacaq. Çünki, komandanın itirəcəyi bir şey yoxdur. Bu il rekorda imza atıblar. Üzərlərində o qədər böyük təzyiq yoxdur, daha rahat oynayacaqlar. Ən vacibi odur ki, oyun günü əsas heyətin oyunçuları yaxşı formada olsun. "Qarabağ" səfərdə ilk hissədə rəqibə yaxşı müqavimət göstərə bilsə, arxası gələcək.

- Siz "Kocaelispor"da oynamısız. İndi Ramil Şeydayevin bu kluba keçidi gündəmdədir. Türkiyə klubundan bu məsələ ilə bağlı sizinlə maraqlanan olub?

- Klub məndən hər hansı məsləhət almayıb. Belə açıqlamalar transfer rəsmiləşəndən sonra verilsə, yaxşı olar. Şeydayevlə aramızda söhbət olub. Mən maraqlanmışam. 3-4 gün əvvəl bildirdi ki, hələ rəsmiləşməyib. "Kocaelispor" Türkiyənin 10 böyük camiəsindən biridir. Möhtəşəm azarkeşləri var, möhtəşəm şəhərdir. O komanda Super Liqada çıxış etməyə layiqdir. Asan olmayacaq. Son turda da məğlub oldular. Görünən odur ki, Pley-offda mübarizə aparacaqlar. Çox istərdim ki, "Kocaelispor" həm Ramillə, həm də Ramilsiz Super Liqaya çıxsın. Bu komandaya xüsusi məhəbbətim var.

Mirbağırağa

Xəbər xətti