"Zirə" Azərbaycan Kuboku yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyunun şahidi olduq. İkinci hissədə çox sürətli, baxımlı futbol getdi. Hesabda iki top fərqi ilə irəli çıxdıq. Bundan başqa hesabı daha da böyütməyə imkanımız var idi. Fürsətləri qaçırdıq. Sonda rəqib yarım epizod kimi bir vəziyyətdən qol vurdu. Futbolda belə şeylər olur. Son dəqiqələrdə qapı tirindən dönən topumuz var. Qələbə qazanmışıq. Üç həftə sonra bizi çox vacib cavab oyunu gözləyir. Amma hazırda bizi düşündürən "Qəbələ" ilə çempionat matçıdır.
- Nəticə sizi qane edir?
- Bu gün iki top fərqi ilə qələbə qazansaydıq da, mənim üçün dəyişən bir şey olmayacaqdı. Hətta bəlkə də cavab görüşü öncəsi daha çox narahatlıq keçirəcəkdim. Hər şey ikinci oyunda həll olunacaq. Futbolçular da başa düşürlər ki, boşalmaq olmaz.
- Araz Abdullayevin fiziki, psixoloji durumu necədir?
- Təbii ki, fiziki cəhətdən hazır deyil. Psixoloji cəhətdən isə yaxşıdır, həvəslidir. Uzun müddətdir oynamır. Amma gözlədiyimdən daha yaxşıdır. Bu gün də oyuna yaxşı qoşuldu. Fürsət düşdükcə ondan istifadə etməyə çalışacağıq.
- Meza Kolli və Araz Abdullayevi heyətinizə qatdız. Yenə hansısa təcrübəli oyunçunun gəlişi gözlənilir?
- Hazırda yox. Artıq axtarışlarımızı bitirmişik. Planımızda başqa futbolçu yoxdur.
- Sizin üçün kubok, yoxsa çempionatda ikinci yeri tutub Avropa Liqasına getmək daha önəmlidir?
- Çempionatda ikinci yeri tutmaq Avropa Liqasına vəsiqəni təmin etmir. "Qarabağ" - "Qəbələ" cütünün qalibi ilə finala "Qəbələ" çıxsa, ikinci yerlə Avroliqaya getmək olmur. Bizim özümüzün də finala çıxmağımız önəmlidir. Biz hər iki turnirə önəm veririk.
Elçin Əlixan
saytlarin hazirlanmasi