"Zirə" Azərbaycan Premyer Liqasının 36-cı turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox emosional oyun idi. Futbolçularım son saniyələrə qədər soyuqqanlı şəkildə, ürəkdən mübarizə apardılar. Təslim olmayan, amansız mücadilə verən rəqib var idi. Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qala bilərdik. İkinci qolu vurub daha rahat qələbə qazanmaq istəyirdik. Futbolçuların üzərində stress var idi, buna görə də son zərbələr uğurlu alınmırdı. Şükürlər olsun ki, axırda istədiyimiz nəticəni əldə edə bildik. Hər kəsi ürəkdən təbrik edirəm. Bu yolu birlikdə keçmişik.
- Avrokuboklar uğrunda mübarizə çox gərgin keçdi. Sizcə, bunun "Zirə"yə Avropa Liqasında faydası nə qədər olacaq?
- Bu, mübarizənin içində olan bütün komandalar üçün faydalıdır. Belə yarışı son illərdə xatırlamıram. Bir dəfə son turda "Bakı" səfərdə "Xəzər Lənkəran" üzərində qələbə qazandı, "Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, digər tərəfdə "İnter" qələbə qazanıb çempion oldu. Bu il isə avrokuboklar uğrunda belə gərgin mübarizə getdi. Bu, hər komanda üçün inkişaf yolunda böyük təkan olacaq. Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq.
- Avropa Liqasına vəsiqəni təmin etdiniz. Komandanı "Qarabağ"la kubok matçına kökləmək çətin olmayacaq?
- Bunu zaman göstərəcək. İndi nə desəm, boş olacaq. İstirahət edib oyuna hazırlaşacağıq. "Qarabağ"ın finala hazırlaşmağa daha çox vaxtı olub. Bizim üçün sevindirici haldır ki, həm çempionatda, həm də kubokda önümüzdə olan komanda "Qarabağ"dır. İstəyirik ki, mövsümü titulla başa vuraq. Amma çempionatda ikincilik mənim üçün titul qədər önəmli idi.
- Başqa təkliflər olsa, fikriniz necə olacaq?
- Gələcəyimi "Zirə"də görürəm. Rəhbərlik gələn il də davam etmək istəyirdi. Amma mən özüm bildirmişdim ki, sonluğu gözləyək. Keçən il avrokuboklara düşə bilməmişdik. Bu il də kənarda qalsaydıq, düşünəcəkdim. Avropa Liqasına vəsiqə qazandıq. Mənim planlarım "Zirə" ilə bağlıdır. Bu komanda ilə avrokuboklarda uğurlu çıxış etmək istəyirəm.
- Mövsümün əvvəlində "Zirə" çox tənqid olunurdu. Bu nəticə ilə tənqidlərə cavab verdiyinizi düşünürsünüz?
- Yaşlandıqca mətbuatdan uzaq qalmağa çalışıram. Nəyə görə tənqid olunmağımız barədə dolğun məlumatım yoxdur. Bilirəm ki, oyunumuzla bağlı nəsə fikirlər olub. Bunu şərh etmək istəmirəm. Heyətdə itkilərimiz çox idi, rotasiyalar edə bilmirdik. Rəhbərlik qışda əlavə büdcə ayırıb transferlər etməyə şərait yaratdı. Kiməsə cavab vermək istəmirəm. Mən karyeram boyunca tənqidlərlə rastlaşmışam. Fikrimi ancaq öz işimə kökləmişəm.
- Müdafiə futbolu oynatdığınız deyilir...
- Futbolçulardan soruşun, mən 80 faiz hücum üzərində işləyirəm. Bəli, hər futbolçudan müdafiə olunmağı tələb edirəm. Bu, müasir futbolun kriteriyalarıdır. "Qarabağ"la, "Sabah"la müdafiədən oynamışıq. Amma "Neftçi"yə qarşı 4 oyun keçirmişik. Evdə oyunu qura bilmədik, müdafiədən oynadıq. Amma digər 3 matçda biz daha aktiv olmuşuq, hücum etmişik. Ola bilər əla futbol oynamamışıq. Müqayisə olaraq deyə bilərlər ki, filan komanda sizdən daha yaxşı idi. Amma mən o fikirlə razı deyiləm. 36 oyundan dördündə komandadan narazı olmuşam. Digər matçlarda topa nəzarət bizdə olub, hücumlar etmişik.
Elçin Əlixan
saytlarin hazirlanmasi