Bakı klubundan ayrılan kapitan: "Hər iki tərəf üçün ən yaxşısı yolların ayrılması idi"

17:34 - 2 İyun 2024

"Hər iki tərəf üçün də yaxşısı yolların ayrılması idi. Məsləhət belə oldu. Ona görə də, yollarımızı ayırdıq. "Səbail"ə uğurlar arzu edirəm. Fikrimcə, mövsümü pis keçirmədim. Meydana çıxanda da komandam üçün əlimdən gələn hər şeyi etməyə çalışdım. Futboldur da, bəzən alınır, bəzən yox. Ümumi götürsək, stabil çıxış etdim. Ancaq daha yaxşısını da bacara bilərdim".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"də kapitan sarğısını daşımış və oradan ayrılan Adil Nağıyev deyib.

O, son mövsümdə "Səbail"də kapitan sarğısı daşısa da, mövsüm başa çatan kimi komanda ilə yollarını ayırdı. Nağıyev bu komandanın başa çatan mövsümdə avrokuboklara düşə bilməməsinin səbəblərindən danışıb: "Yeni komanda idik, sıfırdan yığılmışdıq. Heyət 90 faiz dəyişilmişdi. Komandada stabillik çatmadı, mövsümün gedişində çox yaxşı çıxış edərkən, əsas oyunçularımız zədələndi. Onların əvəzinə gələnlər isə adaptasiya olmaq üçün müəyyən vaxta ehtiyac duydu. Bunlar hamısı futbolun bir hissəsidir. Nəticəyə də təsirini göstərdi".

Təcrübəli futbolçu yeni mövsümə hansı komandada başlayacağına hələ ki, qərar verməyib: "Hələ ki, heç bir klubla danışıq aparmamışam. Gözləyirəm. Necə olacağını isə zaman göstərəcək".

Mirbağırağa
 

Xəbər xətti