Rəşad Sadıqov: "O, hörmətsizliyi özünə və bizə qarşı etdi"

18:12 - 24 İyul 2024

"Zirə" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Slovakiyanın "DAK a948" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabah növbəti oyunumuza çıxacağıq. Bu dəfə gücümüzü Konfrans Liqasında sınayacağıq. Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Fərqli sistemi, fərqli oyun üslubu olan rəqibdir. Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Biz də var gücümüzlə hazırlaşmışıq. Çalışacağıq ki, ilk oyunda sərfəli nəticə qazanaq və səfər matçında bir az üstünlüyümüz olsun. Cütün taleyi ikinci matçda həll olunacaq. Bu, rəqib üçün əlavə üstünlükdür. Amma biz öncə sabahkı matçı düşünürük. Allah qoysa, sabah düşündüyümüz oyun planı işləyər.

- Slovakiya komandaları ilə az qarşılaşmışıq. "DAK 1904" haqda hansı fikirdəsiz?

- İspan mütəxəssis baş məşqçidir. 5-3-2 sistemi ilə oynayırlar. Fərqli sistemdir. Rəqibin oyunu haqda çox danışmaq istəmirəm. Amma onlar çox pressiqn edən, rəqibi təzyiq altında saxlayan komandadır. Yaxşı futbolçuları var. Ən əsası da komanda şəklində oynayırlar. Bizim kimi heyəti qoruyub-saxlayıblar. Çox da detallı şəkildə danışmaq istəmirəm. Hazırda məni daha çox öz komandam düşündürür. Rəqibin gücünü də nəzərə almalıyıq. Vaxtımız az olub hazırlaşmağa. "Şerif"lə matçda daha çox idi. Amma düşünürəm ki, oyunçularım hazırdır.

- Salifu Sumanın addımı onun "Zirə"dəki taleyinə kölgə saldı?

- "Zirə"dəki yox, öz karyerasına kölgə saldı. Yaxşı başlamışdı. Mərhələni keçsəydik, Sumaya da təkliflər ola bilərdi. Belə məqamlarda az reaksiya verən futbolçu həmin an sərt reaksiya verdi. Hansı futbolçular provakasiyaya gedirsə, onlarla danışırıq. Halbuki Suma kimi ən fağır, sakit oyunçunun belə etməsi adamı daha çox məyus edir. "Zirə"dəki karyerasına zərər olmayacaq. Amma öz karyerasına zərbə vurdu. Növbəti oyunlar üçün böyük dərs oldu. Bu tip oyunlarda qırmızı almağın acı fəsadlarını gördü.

- Ona  cəza verildi?

Çox cəza verməyin tərəfdarı deyiləm. Ən az cəza verən məşqçiyəm. Bu hadisə baş veribsə, cəza çox şeyi dəyişməyəcək. Hörmətsizliyi özünə və bizə qarşı etdi. Təbii ki, cərimə olacaq. Qırmızı kartlarla bağlı cərimə prinsiplərim... UEFA-dan gələcək cəza futbolçuya kifayət qədər zərər vuracaqsa, bəsdir. Amma az olarsa, cəza verəcəyik. Bundan sonra 200 min də cərimə olsa, qırmızı vərəqəyə görə böyük uğuru əldən verdik. Əsas səbəb onu götürürəm. Özü və bizim üçün böyük cərimə, cəza idi. Uğuru əldən verdik.

- Rəqibi yaxşı təhlil edə bildiz?

- Tanımadığın rəqiblə oynamayana qədər nə qədər analiz edirsən-et, tam yaxşı tanımırsan. Biz də analiz etməyə çalışırıq. Ən gözəl analiz meydanda olacaq. İlk dəqiqələrdən sonra futbolçuların özü rəqibi hiss edəcəklər. Yaxşı istirahət etmişik. Çünki oyunçular 120 dəqiqə azlıqda oynadılar. Taktiki, texniki, fiziki cəhətdən hazırlaşmışıq. Əsas odur ki, planımız işləsin. Rəqibi "Şerif"lə müqayisə etsəm, daha təşkilatlanmış komandadır. "Şerif" daha çox fərdi ustalığa fikir verən komanda idi. "DAK 1904" oyunçular bir-birini tamamlayırlar. Möhkəm kollektivdir. Çalışacağıq ki, sabah qələbə qazanaq, üstünlük əldə edək. Sabah oyun hər şeyi göstərəcək.

- Rəqib beşli müdafiə ilə oynayırsa, siz də fərqli sistemdə oynayacaqsız? Start heyətində dəyişiklik olacaq?

- Danışsam, qarşı tərəfə məlumat vermiş olacam. Çalışacağıq ki, sabah ən ideal heyət olsun. Sonradan meydana daxil olanlara da önəm verirəm. Hansısa dəyişikliyə gedə də bilərik, getməyə də bilərik.

- "Şerif"lə matçda qazaxıstanlı baş hakimi gördükdən sonra "bizim hakimlər şükürlü imiş" deyə, düşündünüz? 

- Mən həmişə hakimliyimizin səviyyəsindən razılıq etmişəm. Həmişə demişəm ki, hakimlərimiz yüksək səviyyəli oyunları idarə etməyə hazırdılar, bacarıqlıdlar. Bəzi hakimlərlə bağlı narazılığımız olub. Çünki səhvləri təkrarlayıblar. Elə səhvlər təkrarlanıb ki....Epizoda baxırsan, görürsən, amma fərqli qərar verirsən. Qazaxıstanla bizim hakimlərimizi müzakirə etmərəm. Bizim hakimlərimiz səviyyə olaraq, daha üstündür. "Şerif"lə oyunda uduzmuşuq, danışmaq çətindir. Danışacağın halda, bəhanə kimi görünəcək. Amma hakimin xeyli sayda səhvləri var idi. Bu tip, bərabərsəviyyəli oyunda, özü də azlıqda qalan rəqib üçün hakim səhvləri böyük rol oynayır. Oyunun təkrarına baxdıqda, bunlar daha qabarıq görünür. Amma məğlub olmağımızın əsas səbəbi o deyil. Azlıqda qalmağımızdır. Komandamız hesabı qorumağı bacardı. Təhlükəli epizodlarımız daha çox idi, rəqibdə elə deyildi. "Şerif" iki zərbə vurdu, qol oldu. Başqa təhlükəli qol epizodları yox idi. Həmin gün rəqibin günü idi. Hər şey onların xeyrinə oldu. Ona görə mərhələni onlar keçdi.

Mirbağırağa

Xəbər xətti