"Qarabağ"ın sabiq xorvatiyalısı: "Penalti "Osiyek" üçün şanssızlıq oldu, bərabərlik "Zirə" üçün böyük üstünlükdür"

13:23 - 11 Avqust 2024

"Qarabağ"ın xorvatiyalı sabiq qolkiperi Miro Varvodiç Sportal.az saytına açıqlama verib. O, Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Osiyek” – “Zirə” görüşü haqda danışıb. Xorvatiyalı həmyerlilərinin evdəki matçda 1:1 oynaması və sabiq komanda yoldaşı olan Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” haqda fikirlərini bildirib:

"İlk oyun çox maraqlı və gərgin alındı. Həm “Zirə”, həm də “Osiyek” yaxşı komandadır. Sadəcə indi “Zirə”nin daha çox şansı var. Çünki cavab görüşünü evdə oynayacaqlar. Əslində, ilk matçda “Osiyek” daha yaxşı idi. Lakin son dəqiqədəki penalti onlar üçün şanssızlıq oldu. Ramon Mieresin gedişi də təsirsiz ötüşmədi. O, yaxşı forvarddır və komandası üçün xüsusi biri idi. Onun gedişi "Osiyek" üçün yaxşı olmadı. Özü də vacib görüş öncəsi onu buraxmaq, heç doğru deyildi".

Varvodiç “Qarabağ”da birlikdə oynadığı Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” barədə isə bunları deyib:

"Zirə” yaxşı komandadır. Rəşad Sadıqov uzun illər Qurban Qurbanovla işləmişdi.O, həmişə "Qarabağ"ın lideri olub. "Zirə" isə ildən-ilə inkişaf edir. Rəşad yaxşı məşqçidir. Cavab görüşündə də komandası üçün çalışacaq. Şanslar isə 50/50-dir. Çünki yeni oyun olacaq. Xorvatiyadakı matçda “Osiyek” daha çox oyunu kontrol edən tərəf idi. Amma Rəşadın da taktikası var. Xorvatiyadakı bərabərlik “Zirə” üçün böyük üstünlükdür".

Mirbağırağa
 

Xəbər xətti