Rəşad Sadıqov: "Mənim üçün derbi ab-havası var idi"

23:15 - 11 Avqust 2024

"Zirə" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Ağır səfər matçından sonra iki komanda da sona qədər əzmkar mübarizə apardı. "Sabah" da qələbə qazana bilərdi. Sadəcə biz yararlandıq epizodlardan və qalib gəldik. "Sabah"a qarşı səfərdə oynamaq çox çətindir. Şükür Allaha vacib üç xal qazandıq.

- Bu qələbə "Osiyek"lə oyunqabağı əlavə stimul olacaq? Heyətiniz yetərlidir?

- İki cəbhə planı cızmırıq. Qarşıda bizi Konfrans Liqasının vacib matçı gözləyir. Hər iki komandanın şansları bərabərdir. Transferlərin iki cəbhə ilə əlaqəsi yoxdur. Heyətin tamamlanması ilə bağlı transfer etmişik. Olsa, bir transfer olacaq. Olmasa da, əlimizdə yetərincə yaxşı futbolçular var.

- Bu günlərdə Eldar Quliyev milliləşdirmə ilə bağlı mətbuata açıqlama verib. Deyib ki, "Azərbaycan pasportu nəyimə lazımdır?" Onunla söhbətiniz olub?

- Xeyli söhbətimiz olub. Ukraynada doğulub, özünü oranın vətəndaşı kimi görür. İstəyir ki, Ukrayna millisinə düşsün. Bu, məni sevindirir. Asan deyil. Kim olsaydı, razılaşardı ki, gedim Azərbaycan millisində oynayım. Rəqabət aparır. Şansı da var. Amma soyuq və sərt cavab veribsə, yalnışlığa yol verib. İstəyərəm ki, Eldarı millimizdə görüm. Olmursa da, seçimi Ukrayna yığmasıdırsa, anlayışla qarşılayırıq. 

- Rüstəm Əhmədzadənin performansından razısız?

- Rüstəmin oyunundan son dönəmlərdə razıyam. Yaxşı forma əldə etmişdi. Yanvardan sonra zədələndi. Meydanlara üç aya qayıtdı. Təcrübəli fizioterapevt deyirdi ki, belə əzələ zədəsi görməmişəm. Ağır zədə olsa da, döndü. Sırf "Osiyek"lə matça qızdırma ilə çıxmışdı. Salifu Suma cəzalı idi, Rafael Utsiqin ağrıları var idi. Rüstəm yaxşı mübarizə apardı. "Səbail", "DAK 1904" komandaları ilə oyunlarda möhtəşəm oynadı. Bugünkü matçda çox futbolçuda top itkiləri var idi. Meydança qurumuşdu, hamı bunun əziyyətini çəkirdi. Rüstəm çox yaxşı mübarizə apardı.

- Xorvatiyada demişdiz ki, bizi cavab matçından əvvəl derbi gözləyir. Derbi ab-havası var idi bu gün?

- Hər iki komandada yorğunluq var idi. Amma futbolçular əzmkarlıq göstərdi. Mənim üçün derbi ab-havası var idi. Biz hesabda irəli çıxdıqdan sonra "Sabah" böyük qüvvə ilə irəli atıldı. Rəqibin müdafiəsində boşluqlar axtarırdıq. Mənim üçün derbi ab-havasında keçdi. Bu dəqiqədən sonra "Osiyek"lə oyun haqda düşünəcəyik.

- Premyer Liqada hədəfiniz nədir?

- Biz məşqçilər heç vaxt kifayətlənmirik. Daim daha yaxşı olmağa, inkişaf etməyə çalışırıq. Mən şikayət edə bilmərəm, qələbələr qazanmışıq. Amma daha yaxşısı üçün çalışmalıyıq. Ən yaxşısını edəcəyik. Əlimizdə kifayət qədər yaxşı futbolçular var. Kollektivimdən razıyam. Mənim üçün futbolçunun çalışqan olması ən vacibidir. Mehribanlıq da həmçinin. Bunu da etmişik.

- "Osiyek"in baş məşqçisi Frederiko Koppitelli bildirib ki, "Zirə"nin qol vuracağı inandırıcı görünmürdü. Bu haqda nə düşünürsən?

- Oxumuşam. Dərhal mənə də pis təsir etdi. Məşqçinin açıqlamasını görmüşəm, qəribə gəldi. İkinci hissədə aşkar üstün tərəf biz idik. Onların vurduğu qol da bizim top itkimizdən sonra baş verdi. Bəlkə isti-isti belə danışıb.

- "Osiyek"in erməni futbolçusu Styopa Mkrtçyanın Bakıya mümkün gəlişi, hansı tərəfə müsbət və ya mənfi təsir göstərə bilər?

- Hansısa gərginlik istəməzdim. Hamımız əvvəl gərgin idik. İdman yarışlarında da gərginlik olurdu. Bu gün hansısa gərginliyə ehtiyac yoxdur. Biz qalibik. Bəlkə onlar bizimlə qarşılaşanda, aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın. Böyük zəfərdən sonra məndə elə hiss qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim. Komandasının aparıcı oyunçusudur. Sırf oyuna köklənməliyik. Həqiqətən önəmli oyuna çıxacağıq.

Mirbağırağa 

Xəbər xətti