"Zirə" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Osiyek"i penaltilər seriyasında məğlub edərək pley-off yüksəlib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox gərgin oyun oldu. Gözlədiyimizdən də gərgin keçdi. Bu mərhələdə elə-belə rəqiblər, oyunlar olmur. Şükürlər olsun. Məni sevindirən odur ki, oyunçular gərginliyə dözdülər. Onları təbrik edirəm, onlarla fəxr edirəm. Öpüb-bağrıma basıram. Futbol camiəmizi təbrik edirəm.
- Penaltilər seriyasından öncə Tyaqo Silva ilə danışdız. Ona nə dediz?
- Onu tənqid etdim. "Şerif"lə oyundan sonra ona heç nə deməmişdim. Ehtiyac olmasaydı, deməyəcəkdim. Tənqid elədim ki, aqressivləşsin. Böyük ustalıq göstərdi. Dedim "Şerif"lə oyundakı penaltilərdən narazı qalmışam, özünü göstərməlisən. O da 5 penaltidən 4-nü çıxardı. Asan məsələ deyildi. Bunun öhdəsindən gəldi.
- Çempionatın növbəti turunun oyununu təxirə salmaq planda var?
- 90 dəqiqə oynasaydıq, qəti şəkildə təxirə salmayacaqdıq. 120 dəqiqə olub, həkimlərlə, məşqçi heyəti ilə toplantı keçirib, qərar verəcəyik.
- Rəqib baş məşqçi demişdi ki, "Zirə" bizə bir qol vura bilməz...
- Əslində, çox bəyənirdim onu. Meydanın kənarındakı rəftarı, taktiası, oyununu həmçinin. Bakıdakı açıqlamasında da bildirdi ki, fikri başqa cür anlaşılıb. Bu da normaldır.
- Əlavə dəqiqələrdə futbolçulara nə dediz?
- Heç nəyi dəyişmək istəmirdim. Hücumameyilli oyunçularımız çox idi. İntizamlı olub, mütləq şəkildə qol vurmalıydıq. Rəqibin qapıçısı penaltilərdə çox yaxşı çıxış edirdi. Müdafiəçiləri də yaxşı həmlələr edirdilər.
- Pley-off da "Omoniya" ilə qarşılaşacaqsız. Yəqin ki, tarixi fürsəti əldən vermək istəməzdiz..
- Hamı istəyər qrupa düşsün. Rəqibimiz "Omoniya"dır. Obnlar haqda heç bir məlumatım yoxdur. "Fehervar"la oyunlarda daha üstün olublar. "Fehervar" da bizə tanış rəqibdir. Onları udublarsa, bu, "Omoniya"nın gücün göstərir. Seçim olsaydı, digəri ilə düşmək istərdim. Onlar avrokuboklarda təcrübəlidir. Hələ ki, bu haqda danışmaq tezdir. Çempionat oyunu olmasa, sabahdan "Omoniya" haqda düşünəcəyik. Ən yaxşısını edəcəyik ki, qruplara düşək.
- Hakim doğru qərarlar verirdi?
- Oyunu yaxşı idarə edirdi. Sadəcə ikinci qolda cərimə zərbəsi var idi, ya yox, bilmədim. İnamlı şəkildə sarı vərəqə də verdi. Sanki cərimə zərbəsi yox idi. Ümumilikdə qərarları doğru idi.
- Futbolçular sanki penaltiləri vurmaqda çətinlik çəkirdi. Sizcə, bunun üzərində işləmək lazım idi?
- Futbolçularımızın çoxu ilk dəfədir ki, üçüncü mərhələdə oynayır. Penaltiləri vurmaq mental hazırlıqla bağlıdır. Üç yerli futbolçumuz vurmadı, amma ən azından təcrübə qazandılar. Hər iki qapıçı usta şəkildə çıxış etdi. Həm də yorğunluq var idi. Bir az biz xarakter göstərdik.Sanki istəmirdik oyun penaltilərə getsin. Hamımızda travma var idi ki, penaltilərdə uduzmuşuq və Azərbaycan klubları uduzur penaltilərdə. Onların da qapıçısı yaxşı çıxış etdi, bizimki də. Bu üç mərhələdə yaşadıqlarımız komanda üçün böyük təcrübə oldu.
- Ötən mövsüm az qol vuran, oyununa görə tənqid olunan "Zirə" necə oldu ki, birdən-birə avrokuboklarda bu cür uğurlu çıxış edir, bu qədər qollar vururdu?
- Bu barədə çox danışmaq istəmirəm. Özüm üçün doğru hesab etmirəm. Çox şeyi dəyişməmişik. Eyni məşqlərdir, metodikadır. Bu gün də bəhrəsini görürük. Keçən il də komandamın oyunundan razı qalırdım. Şükür Allaha ki, bu gün qələbələri qazanırıq. Çox detallara varmaq istəmirəm.
- Penaltilər seriyasında sanki ehtiyat skamyaya bildirdiz ki, sakitləşsinlər və hələ gözləmək lazımdır...
- Bu dəfə daha rahat idim. Hər zaman çılğın sevinmənin tərəfdarı olmamışam. Bitdikdən sonra nə qədər istəyirlər sevinsinlər. Həmin an aşırı şəkildə sevindilər, sevmirəm bunları. Dedim gözləyin, dua edin. Qələbə bizim olsun, sonra sevinək.
Mirbağırağa
saytlarin hazirlanmasi