"Zirə"də qalsaydım, komandaya avrokuboklarda və çempionatda da kömək edə bilərdim"

19:23 - 25 Avqust 2024

"Zirə"nin sabiq futbolçusu Sezar Meza Kolli Sportal.az saytına açıqlama verib. Hazırda klubsuz olan paraqvaylı ona Azərbaycan klublarından təklif olduğunu bildirib. Bununla yanaşı isə, Sezar "Zirə"nin avrokuboklardakı iştirakını da dəyərləndirib: "Hələ ki, evimdəyəm, ailəmlə birlikdə vaxt keçirirəm. Yaxşı və sevindirici yeniliklərin olmasını gözləyirəm. Fərdi çalışmalarımı davam etdirirəm. Çalışıram ki, hazır durumda qalım. Düzü, "Zirə"də qalsaydım, bu komandaya avrokuboklarda və çempionatda da kömək edə bilərdim. Bunu orada olduğum müddətdə həmişə etmişəm".

Mətbuatda paraqvaylının Azərbaycana qayıdacağı ilə bağlı iddialar var. Adı "Araz-Naxçıvan"la hallanan Sezar məsələ barədə bunları deyib: "Bəli, bəzi klublarla kontaktım oldu. Amma düzünü desəm, hələ ki, razılıqlar olmayıb. Sadəcə olaraq, danışıq gedib, konkret nəsə yoxdur. Hər halda, olarsa, xəbər tutacaqsınız".

Meza Kolli sonda sabiq komandasının avrokuboklardakı iştirakını dəyərləndirib: "Təbii ki, "Omoniya"ya 0:6 hesablı məğlubiyyət heç də xoş olmayan nəticədir. Amma keyfiyyətli və yaxşı futbol oynamağa çalışan komanda ilə qarşılaşanda, ardıcıl ötürmələr verən komandaya qarşı “Zirə”nin işi çox çətinləşdirir. Ötən mövsümkü bəzi oyunlarda da belə olmuşdu. Bakıdakı cavab oyunu ilə bağlı fikrimə gəlincə, futbolda hər şey mümkündür. "Zirə"yə uğurlar arzulayıram ki, komanda bərpa olunaraq nəyə qadir olduğunu göstərsin".

Mirbağırağa

Xəbər xətti