"Zirə"nin qapıçısı Aydın Bayramov Sportal.az saytına açıqlama verib.
Qəsəbə klubunun qolkiperi komandasının Misli Premyer Liqasının 6-cı turunun "Neftçi" ilə görüşdəki 2:0 hesablı qələbəsini şərh edib:
"Neftçi"yə qarşı oyunun çətin olacağını bilirdik. Amma milli komandalara görə verilmiş fasilədə yaxşı hazırlaşdıq. Yetərincə də vaxtımız olmuşdu. Şadam ki, həmin görüşdə qələbə qazanmağı bacardıq. Amma həmin oyun geridə qaldı və biz "Sumqayıt"la oyuna hazırlaşdıq. Bu oyuna da yaxşı hazırlaşmışıq. Komanda olaraq hər matça qələbə üçün çıxırıq. İddiamız da bəllidir. Sona qədər avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağıq. Necə alınacaq, zaman göstərəcək. Çalışacağıq ki, çıxdığımız bütün oyunlarda istədiyimiz nəticəni qazanaq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınar".
Bayramov Misli Premyer Liqasının 7-ci turunun "Sumqayıt"la görüşündən gözləntilərini də bildirib: "Sumqayıt"a qarşı səfərdə oynamaq həmişə çətindir. Onlar son turda da uduzub. Hər halda, "Sumqayıt" da bizimlə oyuna qələbə qazanmaq üçün çıxacaq. Çox gərgin oyun olacaq. İstədiyimiz nəticəni qazanmaq üçün çalışacağıq".
Mirbağırağa