Rəşad Sadıqov: "Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm"

18:09 - 26 Oktyabr 2024

"Zirə" Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yüksək yerlər uğrunda mübarizə aparan iki komanda oynadı. Meydanda amansız mübarizə getdi. Hər iki komanda qələbə istəyirdi. Oyun bizim üçün yaxşı alınırdı. İkinci hissədə əks-hücumlardan istifadə edib ikinci qolu vura bilərdik. Amma olmadı. Xırda səhv nəticəyə təsir edə bilərdi. Sonda qapımıza zərbə olmadan penalti təyin edildi. Əlimizdən gələni etdik. Futbolçularımın mübarizəsindən razı qaldım. Hesab 1:1 olandan sonra da hücum edən tərəf idik. Təəssüf ki, qələbə qazana bilmədik. Səfərdə bu cür rəqiblə oyunda 1 xal da pis deyil.

- Fuad Bayramov oyun ərzində sizi narazı salırdı. Narazı qaldığınız hansı məqamlar idi?

- Mübarizə aparırdı. Topla oyunda itkiləri var idi. Uzun müddətdir oynamırdı. Ola bilsin ki, oyun ritmindən düşüb. Amma istəkli idi. Sadəcə topla daha yaxşı ola bilərdi.

- Penalti epizodunu necə şərh edəcəksiz?

- Ola bilər qaydalarla penaltidir, haqlı qərardır. Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm. Ötürmə yoxdu. Futbolçu əlini yığışdırmağa çalışırdı. Qaydaları dəqiq bilmirəm. 

- Üç turdur ki, qələbə qazana bilmirsiz. Avrokuboklardan qalan yorğunluq səbəb ola bilər?

- Bu oyunları necə keçirmişik? "Turan Tovuz"un qapısı qarşısında 6 epizodumuz var idi. Bu gün qələbəyə daha yaxın tərəf biz idik. Sonda absurd qol buraxdıq. Sadəcə bu turlarda bizimlə müqayisədə rəqiblər daha uğurludur. Rəqiblərimiz cərimə meydançasından dabanla qol vurur. 90-cı dəqiqədə qol buraxırıq. Bu tip hadisələri keçən il də yaşamışıq. Təcrübəmiz var. Səbirli olmalıyıq. "Turan Tovuz"dan yaxşı oynadıq, "Sabah"la da başabaş mübarizə apardıq. Oyun baxımından problemimz yoxdur. Oyunumuzu inkişaf etdirməliyik.

Mirbağırağa

Xəbər xətti