"Olimpiakos"un baş məşqçisi komandasının "Qarabağ"a mümkün qədər çox qol vurmasını istəyəcək" - Yunanıstan mətbuatı

10:22 - 30 Yanvar 2025

Yunanıstan mətbuatı Avropa Liqasının əsas mərhələsinin 8-ci turunun bu gün Pireydə “Qarabağ”a qarşı keçiriləcək matçda “Olimpiakos”dan gözləntilərindən yazıb. 

Sportal.az xəbər verir ki, "Sport FM" Pirey təmsilçisinin bu görüşə daha çox hücumameyilli sxemlə çıxacağını iddia edib:

"Baş məşqçi Xose Luis Mendilibarın əlində bu mərhələdə iştirakına icazə verilməyən Andre Horta və Bruno Onyemaeçi, həmçinin zədəli Yusuf Yazıçı istisna olmaqla, bütün oyunçular var.

“Olimpiakos”un ispaniyalı çalışdırıcısının məqsədi pley-offdan yayınaraq komandanı birbaşa turnirin 1/8 final mərhələsinə çıxarmaqdır. Final turnirində xallardan başqa mühüm rol oynayan kriteriyalardan biri də qollardır və Mendilibar da bu haqda düşünür.

Hər şey onu deməyə əsas verir ki, ispaniyalı məşqçi komandasının “Qarabağ”a mümkün qədər çox qol vurmasını istəyəcək. Bununla da , matç üçün son dərəcə hücumameyilli heyət qurmaq niyyətindədir. Baş məşqçi diqqətini sabahkı oyuna cəmləmək üçün futbolçularından “Panatinaikos”la əvvəlki görüşü (1:1) unutmağı xahiş edib. O, “Olimpiakos”un “Qarabağ”la oyunda da eyni performansı göstərməsini istəyir".

Qeyd edək ki, bu gün keçiriləcək matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.
 

Xəbər xətti