"Qarabağ" sabah saat 00:00-da Çempionlar Liqasının 8-ci turunda "Liverpul"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Əsas mərhələnin son oyununa çıxırıq. Daim istəkli olan bir komandaya qarşı oynayacağıq. Çox istəyirik ki, sabah sona qədər intizamlı bir oyun göstərək".
- Hazırda elə bir məqam yaranıb ki, sabah məğlub olsaq belə, növbəti mərhələ şansları yüksəkdir. Bu məqam futbolçuların oyuna köklənməsinə necə təsir edir?
- Biz elə bir stadionda elə bir komandaya qarşı oynayırıq ki, oyuna tam gücümüzlə köklənməməyimiz mümkün deyil. Hər dəfə belə komandalara qarşı oynamaq qismət olmur. Hər bir futbolçunun fikri bu oyunda olacaq.
- Sabahkı matçı karyeranızın ən vacib sınağı kimi qeyd etmək olar?
- Sınaqlarımız çox olub. Şükürlər olsun, hamısından yaxşı çıxmışıq. Təbii ki, sabah indiyə qədər qazandığımız uğurlardan daha yaxşısını əldə edə bilərik.
- Son dövrlər "Liverpul"un müdafiəsində ciddi nöqsanlar var. Hücumçularımızdan sürpriz qollar gözləyə bilərikmi?
- Mən ümumiyyətlə böyük komandalarda belə bir problem var deyə düşünmürəm. Tarixi klubdur. Böyük təcrübəsi olan klubdur. Bu mövsümün əvvəlinə baxsaq, Çempionlar Liqası matçlarında nəticələr də yaxşıdır. Ola bilər ki, Premyer Liqada istənilən nəticəni əldə edə bilmirlər. Amma ümumi götürsək, komandanın fubolçularının bir-birini tamamlaması yüksək səviyyədədir. Ehtiyyatlı olmalıyıq. Belə oyunlarda rəqib nə qədər imkan verirsə, o qədər oynamaq mümkün olur. Biz maksimum hazırlaşmışıq ki, istədiyimiz mövqelərdən hücuma çıxaq və topla intizamlı davranmağı bacaraq.
- Sabah keçirilən matç "Liverpul" üçün indiyə qədər keçirdiyi sıradan oyunlardan biri hesab etmək olar. "Qarabağ" üçün isə püşk atılan andan mühüm qarşılaşma kimi dəyərləndirilir. Bu matçda qələbə qazanmaqla bu oyunu həm "Liverpul" üçün həm də sizin üçün unudulmaz etmək olarmı?
- Real baxmaq lazımdır. Əgər biz "Qarabağ" olaraq inkişaf ediriksə, daha məsuliyyətli oyunların içərisinə daxil oluruq. Düşünürəm ki, sabahkı nəticədən asılı olmayaraq bu matçdan çox danışılacaq. Bu komandalara qarşı oynamaq bizə çox böyük təcrübə verəcək. Hər böyük oyundan sonra həyəcan daha da azalır və təcrübə çoxalır. Bu cür düşünərək bura gəlmişik. Bakıda da "Liverpul" azarkeşləri kifayət qədərdir. Hətta bizimlə birlikdə də bu matçı izləmək üçün gələnlər də var. Bu komanda Azərbaycanda sevilir. Bu oyuna hər bir halda maraq yüksəkdir.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
