"İmişli" yeni stadion tikməyi planlaşdırır - AFFA-nın verdiyi vaxt daralır, hələ ki heç bir iş görülməyib

13:50 - 26 Yanvar 2026

"Hesab edirik ki, klubun özünə məxsus stadionu olmalıdır. Ona görə də klubun Heydər Əliyev adına İmişli səhər stadionunu beynəlxalq səviyyəyə uyğunlaşdırmaqla bağlı planları var idi. Təəssüf ki, bu məsələdə lazımi dəstəyi ala bilmədik və proses istədiyimiz kimi irəliləmədi" - bu fikirləri "İmişli" klubunun mətbuat katibi Leyla Behbudlu sportal.az saytına açıqlamasında deyib.

AFFA Premyer Liqada debüt edən klublara infrastruktur məsələlərinin həlli üçün bir il vaxt verib. Artıq bu müddətin yarısı arxada qalıb. Qarşıda yarım il vaxt qalsa da, hələ ki bu istiqamətdə heç bir iş görülməyib. Behbudlu deyir ki, məsələ həllini tapacaq:

"Biz yenə də düşüncəmizdən geri çəkilmirik, bunun üçün alternativ variantlar üzərində düşünüb-daşınırıq. Hazırda vəziyyət bundan ibarətdir ki, İmişlidə torpaq sahəsinin alınıb yerində yeni stadion inşa edilməsi ilə bağlı işlər görülür. Aprel-may ayları ərzində bu barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Çox gözəl. Klubun özünün yeni stadionu olması yaxşı haldır. Amma stadionu bir neçə aya tikmək olmur axı... Premyer Liqa standartlarına uyğun gələn arenanın ərsəyə gəlməsi bir il, hətta bəlkə də daha çox vaxt apara bilər. Bəs, AFFA "İmişli"yə daha bir güzəşt edəcəkmi? 

Sportal.az

Xəbər xətti