"Zirə"nin futbolçusu Stefan Akka Sportal.az saytına müsahibə verib.
- Hazırda "Zirə"nin toplanışı necə gedir? Tətil günlərini Bakıda keçirdin?
- Məşqlərimiz yaxşı səviyyədə gedir. Biz mövsümün qalan hissəsinə hazır olmaq üçün işləyirik. Hər kəs işinə ciddi yanaşır. Bəli, fasilədən istifadə etmək üçün ailəmlə birlikdə İtaliyada oldum. İndi isə məşqlərə fokuslanmışıq.
- "Zirə" son görüşdə "Sabah"la bərabərə qaldı. Qol epizodlarınız çox deyildi. Demək olar ki, bu görüşdə 1 xal sizin üçün əla fürsət oldu?
- Məncə, oyunu nəzərə alsaq, yaxşı nəticə qazandıq. “Sabah” yaxşı komandadır. Onlar matçın ilk hissəsində daha yaxşı oynadılar. Amma fasilədən sonra biz daha yaxşı oynadıq. Bu mənada, həmin görüşdəki bərabərliyi yaxşı nəticə saymaq olar.
- Hazırda "Zirə" 52 xalla 2-ci pillədədir, "Araz-Naxçıvan"ın 47, "Turan Tovuz”un isə 43 xalı var. Bu nəticə sizi razı salır? Həmin rəqiblərin sizi ötüb-keçmək təhlükəsini hiss edirsiz?
- Bəli, nəticələr bizi qane edir. Çünki liqadakı rəqiblərimizə qarşı bir az üstünlüyümüz var. "Sabah"a qalib gəlsəydik, bizdən sonrakı komanda ilə xal fərqimiz 8-ə yüksələ bilərdi. Amma 5 xal da pis deyil. Hədəfimizə çatmaq üçün çox çalışmaq lazımdır. Çünki hələ ki mövsüm davam edir.
- "Zirə" fasilədən sonra ilk oyununu "Şamaxı"ya qarşı keçirəcək. Hansı ki, bu mövsüm evdə onlara 0:1 uduzmusuz. Səncə, revanş almaq mümkün olacaq?
- Düşünmürəm ki, “Şamaxı”dan revanş almalıyıq. Çünki biz onlara qarşı onsuz da çox oyun keçirmişik və qalib də gəlmişik. Yəni həmin məğlubiyyətdən sonra onları udmuşuq da. İstənilən halda, bu dəfəki də bizim üçün vacib oyun olacaq və yolumuza davam edərək qalib gəlməyə çalışacağıq
- "Qarabağ"dan 12 xal geridəsiniz. Maraqlıdır, "Qarabağ"a qarşı mübarizə aparmaq, çempionluq mübarizəsində yer almaq çox çətindir? Bura gəldiyin vaxtı necə idi və indi necədir?
- Düzünü desəm, çempionluq uğrunda “Qarabağ”a qarşı mübarizə aparmağı düşünmürəm. İndiyə qədər yaxşı iş görmüşük və bundan sonra da buna davam edəcəyik. Diqqətimizi çox çalışmağa yönəltmişik. Mövsümün sonunda harada olacağımızı görəcəyik.
- Səncə, bu sezon "Zirə" Konfrans Liqasına yollanmağı bacaracaq? Yəqin ki, bu vaxtdan sonra bu cür şansı əldən verməzsiniz?
- Düşünürəm ki, bəli, biz Konfrans Liqasına vəsiqə qazanacağıq. Amma işləməyə, işimizə konsentrasiya olmağa davam etsək, bunu bacaracağıq. Hamı tam olaraq məşqlərə, oyunlara fokuslanıb. Yalnız qarşıdakı görüşləri düşünürük. İnanıram ki, sonda hər şey yaxşı alınacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi